"Dağ Tumasa çəkilən dağlar" filmi təqdim edilib - FOTO

"Dağ Tumasa çəkilən dağlar" filmi təqdim edilib - FOTO backend

Sumqayıt Tarix Muzeyində "Dağ Tumasa çəkilən dağlar" sənədli filmi təqdim olunub.

 

Qaziler.az APA-ya istinadən xəbər verir ki, təqdimat mərasimində şəhid ailələri, Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsinin iştirakçıları, QHT təmsilçiləri, Milli Məclisin deputatı Ceyhun Məmmədov və digər şəxslər iştirak ediblər.

 

Film ötən əsrin 80-ci illərinin sonlarından etibarən, ermənilər Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayanda Cəbrayıl rayonunun Dağ Tumas kəndindən üç gəncin Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə qoşulmasından və şəhadətə ucalmasından bəhs edir.

 

Üç gənc, üç sinif yoldaşı: Məmmədov Hikmət Həsən oğlu, Lətifov Ramiz Mahmud oğlu, Şükürov Namiq Məhəmməd oğlu orta məktəbi bitirib hər Vətənin keşiyinə yollanırlar. Hikmət Məmmədov 1993-cü ilin son günündə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Ramiz Lətifov 94-cü ilin əvvəlində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə itkin düşür.

 

Namiq Şükürov isə cəbhədə atəşkəs barədə razılaşma əldə olunduqdan bir il sonra təmas xəttində xidmət edən Azərbaycan hərbiçilərinə sovqat aparanda minaya düşərək həlak olur...

 

Filmin ideya müəllifi və prodüseri Qarabağ qazisi Səkinə Həmidovadır. O dövrdə Azərbaycan Ordusunun sıralarında tibb bacısı kimi xidmət edən Səkinə Həmidovanın qardaşı Şəmsi Həmidov da doğma kəndlərinin işğalı zamanı iştirakçısı olduğu döyüşlərdə itkin düşüb.

 

Keçmiş tibb bacısı "Dağ Tumasa çəkilən dağlar" filminin qəhrəmanı olan şəhidlərimizlə orta məktəbdə bir sinifdə oxuyub.

 

Sənədli filmin rejissoru və ssenari müəllifi jurnalist Teymur Zahidoğludur.

 

Filmdə 1980-ci illərin əvvəlində Azərbaycan Dövlət Televiziyası tərəfindən lentə alınmış görüntülərdən, teleopertor Şakir Məmmədovun 1991-94-cü illərdə müharibədə çəkdiyi kadrlardan, eləcə də 2020-ci ildə Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi tərəfindən çəkilmiş videogörüntülərdən istifadə edilib. Mətni jurnalist Murad Həşimov və Günay Fərzəliyeva səsləndiriblər.

 

Film Qarabağ müharibəsinin, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı ilə nəticələnən dövründə şəhid olan, itkin düşən, döyüşlər vaxtı və müharibədən sonrakı dövrdə mina qurban olan Azərbaycan vətəndaşlarına ithaf olunur.

 

Xatırladaq ki, Cəbrayıl rayonunun Dağ Tumas ərazi vahidliyinə daxil olan 11 yaşayış məntəqəsinin 54 nəfər sakini 1989-94- cü illərdə şəhid olub, itkin düşüb. Onlardan 24 nəfərin taleyindən indiyədək heç bir xəbər yoxdur.