Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüş olub.
Qaziler.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Türk dövlətləri arasında sosial sahədə də əməkdaşlığın gücləndirilməsi istiqamətində TDT Katibliyi tərəfindən görülən işləri yüksək qiymətləndirdiyimizi qeyd edib. Nazir Təşkilata üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin Azərbaycanda keçirilən ilk iclasının əhəmiyyətini vurğulayıb. O, son illər ölkəmizdə aparılan sosial islahatların uğurlarını qeyd edərək, TDT-yə üzv və müşahidəçi ölkələrlə əməkdaşlığın genişlənməsinə, uğurlu təcrübələrin mübadiləsinə hazır olduğumuzu bildirib.
Kubanıçbek Ömüralıyev Türk dövlətləri arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün mühüm addımlar atılmasının məmnunluq doğurduğunu, bu sahədə TDT Katibliyinin bundan sonra da öz dəstəyini verəcəyini bildirib.
Nazirlikdə TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin I iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanla da görüş olub. Anar Əliyev Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ölkələrimiz arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb. Əlaqələrimizin əmək, məşğulluq və sosial müdafiə sahələrində də uğurla inkişaf etdiyi qeyd edilib.
Vedat İşıkhan iki Nazirlik arasında uğurlu əməkdaşlığın TDT çərçivəsində də daim genişlənəcəyini bildirib. O, Təşkilata üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin Bakıda “Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq” adı ilə keçirilən birinci iclasının əlaqələrin inkişafında xüsusi önəmini qeyd edib.
Görüşdə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.



