Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında iqtisadi fəaliyyətin genişləndirilməsi və sahibkarlığın stimullaşdırılması üzrə ardıcıl tədbirlər davam etdirilir. Regionda maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi məqsədilə Xankəndi şəhərində 4 bank filialı fəaliyyətə başlayıb. Yaxın müddətdə daha bir neçə bank filialının və kredit təşkilatının açılması nəzərdə tutulur.
Bunu Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov "AccessBank"ın Xankəndi filialının açılış mərasimində deyib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a bildirilib ki, S.Qəhrəmanov çıxışı zamanı işğaldan azad edilmiş ərazilərdə iqtisadi və sosial xidmətlərin şaxələndirilməsi çərçivəsində özəl sığorta şirkətlərinin də fəaliyyətə başladığını qeyd edib.
O, atılan addımların regionda dayanıqlı iqtisadi inkişafın təmin olunmasına mühüm töhfə verəcəyini vurğulayıb. Qeyd edək ki, Xankəndi şəhərində artıq "Kapital Bank", "Accessbank", "Rabitəbank" və "Beynəlxalq Bank" fəaliyyət göstərir.



