Goranboyda anasını və nənəsini öldürməkdə təqsirləndirilən yeniyetmə S.A-nın cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Müttəhim yetkinlik yaşına çatmadığı üçün ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəza yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.
Qeyd edək ki, Goranboy Rayon Prokurorluğunun yaydığı məlumata görə, iyulun 25-də saat 02 radələrində Goranboy rayon sakinləri - 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-ci il təvəllüdlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə məlumat daxil olub.
İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü S.A-nın aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.



