“Mina qurbanları üçün iqtisadi imkanların yaradılması” layihəsi başlayır - FOTO

“Mina qurbanları üçün iqtisadi imkanların yaradılması” layihəsi başlayır - FOTO backend

1 dekabr 2025-ci il tarixdə Minaların Qadağan olunması üzrə Beynəlxalq Kampaniya tərəfindən açıqlanan sayca 27-ci olan 163 səhifəlik “Landmine Monitor 2025” hesabatı açıq bir reallığı ortaya qoyur: minalanmış əraziləri təmizləmək səyləri mühüm humanitar fəaliyyətlər üçün qlobal donor dəstəyinin azalması ilə üzləşdiyindən bunun ağır nəticələrini mülki əhali daşıyır. Minalara qarşı uzun müddətdir davam edən beynəlxalq qadağa ilə bağlı görünməmiş problemlər də ortaya çıxıb.

Qaziler.az xəbər verir ki, bu barədə bu gün “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi Cenevrə şəhərində keçirilən minalar əleyhinə konvensiyanın 22-ci konfransı və və ictimaiyyətə təqdim olunan “Landmine Monitor Report 2025” hesabatına həsr olunmuş mətbuat konfransında Minalar Əleyhinə Azərbaycan Kompaniyaı İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib.

Onun sözlərinə görə, piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı, ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında” BMT Konvensiyası (Ottava Konvensiyası) qüvvəyə mindiyi 1 mart 1999-cu ildən sonra Üzv dövlətlərin sayı 166-dır, yəni dünya ölkələrinin 85%-i minaların qadağan olunmasını dəstəkləyir, Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 31 ölkə hələki bu Konvensiyaya qoşulmayıb. Rusiya – Ukraina müharibəsi ilə əlaqədar 5 Üzv dövlət (Estoniya, Finlandiya, Latviya, Litva, Polşa) konvensiyadan çıxmaqla bağlı ölkə daxili prosedurları tamamlamış, Ukraina Konvensiyanın icrasının dayandırılması barədə BMT-ni məlumatlandırmışlar. Hesabatda qeyd olunur ki, təmizlənmiş ümumi ərazi əvvəlki illərlə müqayisədə azalıb ki, bu da donorların maliyyələşdirməni azaltması səbəbindəndir. Hətta az çirklənməyə məruz qalan ölkələr də maliyyə dəstəyinin olmaması səbəbindən təmizləmə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər.

Hesabatda həmçinin vurğulanır ki, qurbanlara yardım üçün donorların ianələri minalarla mübarizə üzrə bütün maliyyə vəsaitlərinin cəmi 5%-ni təşkil edir, 2024-cü ildə demək olar ki, dörddə bir azalıb. Dövlətlərin və beynəlxalq ictimaiyyətin qurbanlar üçün davamlı xidmətlər yaratmaq cəhdlərinə baxmayaraq, bir çox minadan zərərçəkənlərin hələ də əsas tibbi yardım, reabilitasiya və psixososial dəstəyə çıxışı yoxdur. Qurbanlara yardım üçün maliyyənin azalması çox narahatedicidir və təcili olaraq artırılmalıdır.

57 ölkənin  əraziləri piyadalar əleyhinə minalarla çirklənib. Üzv dövlətlər 2024-cü ildə ümumilikdə 1,114,82 km² çirklənmiş ərazinin azad edildiyini və nəticədə ən azı 105,640 piyada əleyhinə minanın məhv edildiyini bildiriblər. Ümumilikdə 32 Üzv dövlət öz ərazilərindən bütün piyada əleyhinə minaların təmizlənməsini başa çatdırıb.

2024-cü ildə minalarla mübarizə üçün qlobal maliyyələşmə 1,07 milyard ABŞ dolları təşkil edib, bu 2023-cü ildə verilən 1,03 milyard dollardan 4% artım deməkdur. Bu artımın səbəbi minalarla mübarizə proqramlarına milli maliyyələşdirmənin artmasıdır. Ancaq qeyd olunur minalarla mübarizə proqramlarına beynəlxalq maliyyələşdirmə əvvəlki illə müqayisədə 5% azalıb. Minalarla mübarizə proqramlarında çalışan milli QHT-lərə yalnız 2% maliyyə vəsaiti ayrılıb.

Konvensiyaya üzv olmayan 12 dövlət piyada əleyhinə minalar hazırlayan, istehsal edən və ya əldə edən ölkələr siyahısında qalır: Ermənistan, Çin, Kuba, Hindistan, İran, Myanma, Şimali Koreya, Pakistan, Rusiya, Sinqapur, Cənubi Koreya və Vyetnam.

Azərbaycan Respublikası ərazisində kasetli sursatlar problemi

MƏAK-nın kasetli silahlarla bağlı layihəsi çərçivəsində aparılan fəaliyyət 1992 – 2025-ci illəri əhatə edib, Azərbaycan Respublikasının işğaldan azad olunmuş bütün ərazilərində (Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Şuşa, Xocavənd, Xocalı, Ağdam, Kəlbəcər, Ağdərə, Xankəndi), 27 sentyabr 2020-ci il tarixədək cəbhə xətti hesab olunan ərazilərdə yerləşmiş Tərtər, Goranboy, Ağcabədi, Beyləqan, keçmiş cəbhə xəttindən ən azı 30 km və daha çox kənarda yerləşən Mingəcevir şəhərində, Yevlax və Bərdə, Ermənistanla şərti dövlət sərhəddində yerləşən Qazax, Tovuz, Ağstafa, Daşkəsən və Gədəbəy rayonlarının ərazilərində həyata keçirilib.

Layihədə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün  bütün rayonların ərazisində kasetli silahlarla çirklənmiş ərazilərin çöl şəraitində monitorinqi keçirilmiş, problemin miqyası, kasetli sursatların növləri, bu sursatların infrastruktur layihələrinin həyata keçirilməsinə təsirinin öyrənilməsi, kasetli sursatlardan qurban olmuş şəxslərin müəyyən edilməsi və onların hansı şəraitdə qurbana çevrilməsinin öyrənilmişdir. Azərbaycanda kasetli silahlar probleminin miqyası və qurbanları barədə yerli və beynəlxalq ictimaiyyətin məlumatlanlandırılması üçün iki dildə (Azərbaycan və ingilis) hesabat hazırlanmış və çap olunmuşdur.

1992 – 2025-ci illəri əhatə edən təhqiqata əsasən Azərbaycan Respublikasının işğaldan azad olunmuş bütün ərazilərində, 27 sentyabr 2020-ci il tarixədək cəbhə xətti hesab olunan ərazilərdə, keçmiş cəbhə xəttindən ən azı 30 km və daha çox kənarda yerləşən ərazilərində kasetli silahların tətbiq edilməsi və zərərçəkənlərin olması təsbit edilmişdir.

Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli Silahlara qarşı Koalisiya, “Human Rights Watch” və Amnesty International hüquq müdafiə təşkilatları Azərbaycan ərazilərinə kasetli silahlarla hücumlar barədə məlumatlar dərc etmişdir.

Beləliklə Füzuli, Beyləqan, Goranboy, Tərtər, Bərdə rayonlarına və Mingəçevir şəhərinə kasetli silahlarla edilən hücümlar zamanı uşaqlar və qadınların daxil olduğu mülki əhali arasında kasetli silah qurbanlarının olduğu, dinc sakinlərə məxsus fərdi yaşayış evlərinin, nəqliyyat vasitələrinin və kommersiya obyektlərinin zərər çəkdiyi müəyyən edilmişdir. Bundan başqa Mingəçevir İstilik Elektrik Stansiyasına və beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçdiyi əraziyə də kasetli silahlarla hücumların olduğu müəyyən edilmişdir.

Kasetli silah qurbanları

"Kasetli silah qurbanları" kasetli silahların tətbiq edilməsi nəticəsində öldürülən və ya cismani zədə alan, yaxud psixi sarsıntıya məruz qalan, iqtisadi zərərə düşən, sosial cəhətdən təcrid olunmuş və ya öz hüquqlarını reallaşdırmaqda əhəmiyyətli dərəcədə əziyyət çəkən bütün şəxslər nəzərdə tutulur. Bunlara kasetli silahların birbaşa təsirinə məruz qalanlar, ailə üzvləri və yaşadıqları icmalar daxildir.

“Landmine Monitor 2025” hesabatında bildirilir ki, hesabat dövründə minalar və müharibənin partlayıcı qalıqları nəticəsində 52 ölkədə (bunlardan 36 üzv dövlətdir) 6,279 zərərçəkən qeydə alınıb (1,945 nəfər həlak olub and 4,325 nəfər yaralanıb, 9 nəfərin statusu məlum deyil), bu 2020-ci ildən sonra illik ən yüksək göstərici olmaqla itkilərin kəskin artdığını göstərir. Artım əsasən Ottava Konvensiyasına qoşulmamış ölkələrdə qeydə alınıb. Hesabat dövründə qlobal itkilərin 90%-ni mülki şəxslər (5,385 nəfər) təşkil edib,  mülki çəxslərin 46% (1,701 nəfər)  uşaqlardır. Kişilər və oğlanlar minalara və müharibənin partlayıcı qalıqlarına ən çox məruz qalanlardır, bu da ilk növbədə, iqtisadi zərurətdən irəli gələn dolanışıq fəaliyyəti səbəbindəndir.

Aparılan təhqiqat zamanı 1992 – 2025 illəri əhatə edən dövr ərzində Füzuli, Bərdə, Goranboy, Beyləqan, Ağdam, Tərtər, Yevlax, Kəlbəcər, Qəbələ və Şuşa rayonlarından, Bakı, Gəncə və Mingəcevir şəhərlərindən olan 233 mülki şəxs kasetli silah qurbanı kimi müəyyən edilmişdir.

Kasetli silahla baş verən hadisə anında 8-i uşaq (5 qız, 3 oğlan), 13-ü qadın olmaqla 51 nəfər həlak olub, 34-ü uşaq (18 qız, 16 oğlan), 47-i qadın olmaqla 182 nəfər yaralanıb. Hadisə anında ən kiçik zərərçəkən 5 yaşında, ən yaşlı şəxs isə 78 yaşında olmuşdur. 12 nəfər isə Vətən müharibəsindən sonra kasetli silah qurbanı olub.

Bundan başqa 21 hərbçinin kasetli silah qurbanı olduğu müəyyən edilib, bunların da iki nəfəri həlak olub, 19 nəfəri yaralanıb. 

Ağstafa rayonunun Saloğlu və Poylu kəndlərinin ətrafındakı keçmiş sovet hərbi bazasının partladılması nəticəsində on minlərlə PHS 44 kvadrat kilometr əraziyə səpələndi, bu region üçün ciddi sosial, iqtisadi və ekoloji problem yaratdı, nəticədə 32 nəfər mülki şəxs həlak oldu və 111 nəfər mülki şəxs yaralandı.  Lakin təəssüf ki, həlak olan və yaralananların neçəsinin kasetli silahlardan olduğunun qeydiyyatı aparılmayıb.

Kasetli silahların qurbanları ilə əlaqədar verilmiş bu məlumatlar yekun statistika sayılmamalıdır. Bu statistika məhdud zaman çərçivəsində əldə edilmişdir, yekun statistikanı əldə etmək üçün daha çox vaxta və maliyyəyə ehtiyac vardır.  

Bu layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilmişdir.

“Mina qurbanları üçün iqtisadi imkanların yaradılması” layihəsi

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyi Koreya Respublikası  tərəfindən  İnsan Təhlükəsizliyinin Artırılması üçün Beynəlxalq İnam Fondu təşkilatı vasitəsilə göstərdiyi maliyyə dəstəyi ilə “Mina qurbanları üçün iqtisadi imkanların yaradılması” adlı layihənin icrasına başlayır.

Bu layihənin məqsədi Azərbaycanın minalardan daha çox zərər çəkmiş rayonlarında yaşayan mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasını dəstəkləmək üçün alətlər təqdim etməklə kiçik biznesin yaradılması mexanizminə maddi vəsaiti təmin etməkdən ibarətdir.

Bu layihə yoxsulluğun azaldılması (ailə gəlirinin artırılması), gender bərabərliyi (qadınların kişilərlə bərabər bütün layihə fəaliyyətlərində iştirakını təmin etmək), uşaqların müdafiəsi və sağlamlığı (mina qurbanlarının ailələrində adətən 2-3 uşaq olur) kimi bir neçə əsas sektoru əhatə etmək potensialına malikdir; ailə gəlirinin artması onlar üçün səhiyyə, təhsil, qidalanma və s. kimi daha yaxşı imkanlara səbəb olacaq, özəl sektorun və kiçik biznesin inkişafı və icmalarda iş yerlərinin yaradılmasına gətirib çıxaracaqdır.

Layihə Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarında həyata keçiriləcək.