Energetika Nazirliyi enerji səmərəliliyi ilə bağlı maarifləndirmə tədbirləri çərçivəsində "Söndür və Qazan!" kampaniyasına başlayıb.
Qaziler.az nazirliyə istinadən xəbər verir ki, kampaniyanın məqsədi vətəndaşları gündəlik həyatda sadə addımlarla - istifadə olunmayan işıqları, məişət cihazlarını və avadanlıqları söndürməklə enerji sərfiyyatını azaltmağa təşviq etmək, gündəlik həyat tərzində enerjidən daha ağıllı istifadə vərdişləri formalaşdırmaqdır.
Kampaniya çərçivəsində vətəndaşlar evlərdə və iş yerlərində enerji səmərəliliyini artırmaq üçün sadə addımlar atmağa təşviq olunacaq. Vətəndaşlar http://sondurveqazan.az/ linki üzərindən kampaniyaya qoşulmağa və sosial şəbəkələrdə #SöndürVəQazan həştəqi istifadə etməklə, Energetika Nazirliyinin sosial media səhifələrini və 3 dostunu işarələməklə öz təcrübələrini video şəklində paylaşmağa dəvət edilir. Kampaniya gedişatında həftə ərzində vətəndaşlar tərəfindən paylaşılan və ən çox bəyənilən video mükafatlandırılacaq.
Enerji səmərəliliyi enerji təhlükəsizliyi və iqlim hədəflərinə çatmağın ən sərfəli yoludur. Təmiz ətraf mühitə malik və "yaşıl artım" ölkəsi kimi inkişaf edən Azərbaycan üçün bu, prioritet vəzifədir. Gəlin, hamımız bu təşəbbüsə qoşulaq və ən böyük enerji mənbəyimiz olan enerji səmərəliliyindən birgə faydalanaq!



