2026-cı ildə pensiya, müavinət və təqaüdlər üçün ayrılacaq vəsaitlərdə nəzərdə tutulan ciddi artımlar sosial təminat sisteminin gücləndirilməsi tədbirlərinin gələn il də uğurla davam etdiriləcəyini göstərir.
Qaziler.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son illər aparılan sosial islahatların uğurlarını, bu il də növbəti, 2018-ci ildən isə beşinci sosial islahat paketi icra edilməklə sosial ödənişlərdə yeni artımlar edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, gələn il pensiya təminatı üçün cari ilə nisbətən 782,4 milyon manat çox olmaqla 7 milyard 993 milyon manat, sosial müavinət, təqaüd, kompensasiyalar üçün isə bu illə müqayisədə 178,5 milyon manat çox olmaqla 2 milyard 144 milyon manat vəsait nəzərdə tutulub.
İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərdən artıq 7241 nəfərin məşğulluğunun təmin edildiyi, cari ilin avqust ayında Kəlbəcər rayonunda, bu günlərdə isə Füzuli rayonunda DOST məntəqələrinin fəaliyyətə başladığı bildirilib. Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında Azərbaycanda qadın əməyi ilə bağlı son illər aparılan islahatların nümunə kimi göstərildiyi, bu günlərdə Azərbaycanla BƏT arasında yeni “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın imzalandığı diqqətə çatdırılıb.
Əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi işləri, bu il daha 138 uşağın övladlığa verildiyi, ötən dövrdə himayədar ailələrə verilən uşaqların sayının 57-ə çatdığı qeyd olunub. İclasda yeni hazırlanmış 100 peşə və kvalifikasiya standartı təsdiq edilib. Qeyd edilən sahələrdə, habelə dövlət qulluğu və kadr məsələləri, strateji planlaşdırma, innovasiyalar, ictimaiyyətlə əlaqələr sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.



