Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş təşkil edilib.
Bu barədə Qaziler.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da gücləndirilməsi, qeyri-hökumət təşkilatları və media nümayəndələrini Dövlət Xidmətində şəffaflığın təminatı, vətəndaşlara göstərilən xidmətlərdə yeniliklər, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən işlərlə tanış etmək məqsədi daşıyıb.
Görüş iştirakçılarına Xidmətin fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması, vətəndaşlara göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi sahəsində həyata keçirilən vacib tədbirlər haqqında ətraflı məlumat verilib.
Qeyd edilib ki, idarəetmənin rəqəmsal texnologiyalara əsaslanan daha çevik və şəffaf proseslərlə təmin edilməsi istiqamətində görülən işlər nəticəsində vətəndaşlar artıq hərbi məlumatlarını “mygov” platforması üzərindən rahat, sürətli və təhlükəsiz şəkildə əldə edə bilirlər. Vətəndaşlar xidmət mərkəzlərinə getmədən həm “mygov”, həm də mobil tətbiqi vasitəsilə öz hərbi məlumatları ilə tanış ola, sənədləri PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilərlər.
Görüşdə sözügedən məsələlər ətrafında müzakirələr aparılıb, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin təklifləri dinlənilib.



