Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Alghabr Mohammad Hussain ifadə verib.
O, ifadəsində bildirib ki, funikulyora minmək məqsədi ilə Şəhidlər xiyabanından keçiblər: "Biz Bakıya bələdçisiz gəlmişik. Sürücümüz dedi ki, dağüstü parkda funikulyor var, ona minib bütün Bakını görə bilərik. Biz də ora gedəndə şəkillər və güllər olan yer gördük. Bilmədik ki, bura Şəhidlər xiyabanıdır. Hərəkətləri edəndən sonra iki qadın dedi ki, burada şəhidlər dəfn olunub. Əsgər salamı verib getdik. Elə bilmişdik ki, bura deyib-gülə biləcəyimiz turist məkanıdır. Biz orda təhqir etməmişik, gülləri dağıtmamışıq".
O, dövlət ittihamçısının suallarını cavablandırarkən bildirib ki, Səudiyyə Ərəbistanında belə qəbirlər olmur: "Bizdə qəbir daşları, şəkillər və hətta güllər olmur. Qəbir haqqında zarafat etmirdim. Tam səmimi dedim ki, əgər aramızdan kimsə ölsə, ona belə qəbir düzəldəcəm. Çünki xoşuma gəlmişdi. Çəkilişin məqsədi sosial şəbəkədə yaymaq və ailəmə göndərmək idi. "Snapchat"la çəkib, deyib-gülürdük. Elə ciddi məkan olduğunu bilmirdim. Şəhidlərə hörmətim sonsuzdur. Bir daha üzr istəyirəm".
Zərərçəkənin hüquqi varisi kimi tanınan Eldəniz Fərəcov ondan özünü təqsirli bilmədiyi halda niyə üzr istədiyini soruşub. Təqsirləndirilən bildirib ki, video yanlış anlaşıldığı üçün üzr istəyir.
Digər iki təqsirləndirilən də oxşar ifadə verib. Məlum olub ki, videonu Alghabr Mahdi Mohammad çəkib. O, heç bir qeyri-etik hərəkət etmədiyini deyib.
Prosesin davamında zərərçəkən kimi tanınan şəxslər ifadə verib.
Eldəniz Fərəcov Şəhidlər xiyabanında dəfn olunan qohumunun xalqın şəhidi olduğunu bildirib və özlərini təqsirli bilmədiyi üçün onları bağışlamadığını deyib.
Digər zərərçəkən də təqsirləndirilənləri bağışlamadığını deyib: “Xadimədən öyrəndim ki, bunlar qardaşımın məzarındakı gülləri dağıdıblar”.
Prosesdə şahid qismində ifadə verən, bağban Tərlan Mənsimov isə deyib ki, o, təqsirləndirilən şəxslərin məzarın qarşısında oynadığını görüb.
Digər şahidlərin iştirakının təmin edilməsi üçün proses dekabrın 4-nə təxirə salınıb.



