Bakının 3-cü Alatava küçəsində (Hərbi Hospitalın yanı) yaşayan sakinlər paytaxtda keçirilmiş I Avropa Oyunlarından sonra onlara qalan problemlə yaşayırlar.
Bu barədə Qaziler.az saytına orada yaşayan sakinlərdən biri məlumat verib.O, bildirib ki, Avropa Oyunları ərəfəsində kiçik həyət evlərinin görünməməsi üçün onların qarşısına hündür “çəpər” çəkilib. Güçlü külək əsəndə o “çəpər” aşaraq sakinlərdə qorxu və təlaş yaradır. Həmin “çəpər” bir neçə dəfə küləyin təsirindən yıxılaraq sakinlərin orada saxladığı maşınların üzərinə aşaraq onları yararsız hala salıb. Hələ ki, bu “yıxılmalar” insan ölümünə səbəb olmayıb. Lakin bu hal istisna deyil.
Hər dəfə də gəlib o “çəpər”i qaynaq edib yenidən qaldırırlar. Növbəti dəfəki küləkli havada eyni hal təkrarlanır.
Dünən gecə əsən güçlü külək yenidən sözegedən “çəpər”i yıxaraq sakinlərin yolda saxladığı maşınları əzib. Xöşbəxtlikdən həmin vaxt yoldan insan keçməyib. Yoxsa insan ölümü də qaçılmaz olardı.
Sakinləri indi bir məsələ maraqlandırır: o “yıxılmalar” insan ölümü ilə nəticələnməyənə qədər bu “çəpər“ olduğu yerində qalacaq?
