Sumqayıtda klinikada iynədən sonra ölən qadının ölüm səbəbi açıqlanıb

Sumqayıtda klinikada iynədən sonra ölən qadının ölüm səbəbi açıqlanıb backend

25.11.2025-ci il tarixində saat 10:30 radələrində 1953-cü il təvəllüdlü şəxs (qadın) yüksək təzyiq şikayəti ilə bağlı Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət etmişdir.

Xəstəyə həkim təyinatı əsasında "Aktoseril" preparatının inyeksiyası icra edilmişdir.

İnyeksiya zamanı xəstənin halı pisləşmiş, qəfil və sürətlə inkişaf edən anafilaktik şok reaksiyası baş vermişdir.

Tibb personalı tərəfindən anafilaktik vəziyyətlərlə bağlı mövcud klinik protokollara uyğun olaraq dərhal təcili tibbi yardım tədbirləri görülmüş, pasiyentin həyat fəaliyyətinin bərpası üçün bütün zəruri müdaxilələr ardıcıl şəkildə icra edilmişdir.

Bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:30 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınmışdır.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilmişdir.

Qeyd edək ki, prosedur tibbi təyinat və elektron qeydiyyat əsasında, preparatın seriya nömrəsi və yararlılıq müddəti yoxlanıldıqdan sonra sanitariya-gigiyena tələblərinə tam riayət edilməklə sertifikatlı tibb bacısı tərəfindən icra olunmuşdur.

İnyeksiya otağı normativlərə uyğun şəkildə təchiz edilmiş, o cümlədən anafilaktik şok zamanı tələb olunan adrenalin, antihistamin preparatlar, tibbi avadanlıq və reanimasion vasitələr tam hazır vəziyyətdə olmuşdur.

Hadisə baş verən anda tibbi heyət tərəfindən Təcili Yardım Protokolları üzrə bütün müvafiq müdaxilələr vaxtında və düzgün şəkildə həyata keçirilmişdir.