Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin sədrliyi ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi üzrə Komissiya”nın növbəti iclası olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, 2025-ci il üçün təsdiqlənmiş əmək miqrasiyası kvotasından istifadə vəziyyətinin nəzərdən keçirildiyi iclasda 2026-cı il üçün hazırlanmış əmək miqrasiyası kvotasına dair təkliflər aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya üzvləri ilə birgə müzakirə edilib.
Anar Əliyev Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin nailiyyətlərindən biri kimi ölkəmizin əmək bazarında davamlı xarakter alan inkişaf meyillərini diqqətə çatdırıb. Qeyd edilib ki, işəgötürənlərin müasir peşə və ixtisaslara malik işçilərə olan tələbləri, habelə ölkə iqtisadiyyatında yaranan çoxsahəlilik, ixtisaslı işçi qüvvəsi ilə bağlı təhlillər, əmək bazarı ilə bağlı proqnozlar əsasında gələn il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb.
Əmək bazarına daxil olan ixtisaslı kadrların sayı hər il artır, eyni zamanda işçi qüvvəsinin bacarıqlarının və rəqabətədavamlılığının artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu baxımdan, ölkə iqtisadiyyatının işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi prinsipi əsas götürülür. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş tikinti-quruculuq işləri ilə yanaşı, son illərdə bərpa olunan enerji istehsalı ilə bağlı yeni layihələrin icrası yüksək ixtisaslı mütəxəssislərə tələbatı artırır.
2026-cı il üçün əmək miqrasiyası kvotasına dair təkliflər, eyni zamanda 2025-ci ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına nəzərdə tutulan dəyişikliklərlə bağlı təkliflər müzakirə edilib. Qeyd edilən təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.



