Hazırda Xankəndi, Ağdərə və Xocalı rayonlarında 23 min nəfərdən çox sakin məskunlaşıb.
Bu barədə Qaziler.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov noyabrın 24-də Xankəndi şəhərində "Konstitusiya və Suverenlik ili"nə həsr edilmiş "Səyyar Gənclər Xidməti" layihəsinin Qarabağ Universitetində keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işlərinin sürətlə davam edir:
"Regionda infrastruktur layihələri də intensiv şəkildə həyata keçirilir, yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemləri qurulur. Sahibkarlığın inkişafı və məşğulluğun artırılması məqsədilə həyata keçirilən sosial-iqtisadi dəstək proqramları çərçivəsində insanlara yeni iş imkanları yaradılıb".
Bundan başqa gənclərin sosial fəallığının və təhsilinin ölkənin davamlı inkişafı üçün vacibliyini qeyd edən S.Qəhrəmanov, Xankəndidə yerləşən Qarabağ Universitetinin bölgənin intellektual və sosial inkişafında xüsusi rol oynadığını vurğulayıb:
"Hazırda universitetdə 2000-dən çox tələbə təhsil alır və onlar müxtəlif sosial-innovativ layihələrdə iştirak edirlər. Bir sözlə, qeyd edilib ki, bölgənin davamlı inkişafı və sakinlərin öz doğma torpaqlarına qayıdışı məsələsi dövlətin prioritet vəzifələrindən biridir və bu tədbir də regionda gənclərin inkişafı, həm də gələcəkdəki sosial layihələr üçün mühüm bir addımdır".



