Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.
"Report"un məlumatına görə, tədbir Şahzadə Nurah Universiteti Stadionunda baş tutub.
Bağlanış mərasimində Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma yığmasının üzvü Səbinə Kərimova daşıyıb.
Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparıb.
Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olub. Komanda Oyunları ümumilikdə 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə (72 qızıl, 44 gümüş, 39 bürünc) qərarlaşıb. Özbəkistan ikinci (29 qızıl, 35 gümüş, 32 bürünc), İran (29 qızıl, 19 gümüş, 33 bürünc) üçüncü olub.
Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də baş tutub.



