Aytən Səfərovadan barəsində yayılan iddialara CAVAB: "Hüquq-mühafizə orqanlarına müraciət etmişəm"

Aytən Səfərovadan barəsində yayılan iddialara CAVAB:  "Hüquq-mühafizə orqanlarına müraciət etmişəm" backend

Həkim mama-ginekoloq Aytən Səfərova barəsində yayılan iddialara aydınlıq gətirib.

Bu barədə Oxu.Az-a açıqlama verən A.Səfərova bildirib ki, 2010-cu ildən etibarən Azərbaycanda qadın xəstəlikləri üzrə fəaliyyət göstərir:

"İllərdir minlərlə pasiyentin sağlamlığının bərpasında yaxından iştirak etmişəm. Peşə fəaliyyətimə hər zaman yüksək peşəkarlıq və məsuliyyətlə yanaşmışam. Hazırda fəaliyyətimi klinikalar şəbəkəsinin birində davam etdirirəm. Bəzi insanların haqqımda yaydıqları əsaslandırılmamış məlumatlar, şikayətlər, müxtəlif iddiaların heç biri həqiqətə uyğun deyil. Biz hüquqi dövlətdə yaşayırıq, hər kəsin hüquq və azadlıqları qanunla tənzimlənir. Kimin şikayəti varsa aidiyyəti üzrə rəsmi müraciət edə bilər. Hər kəsdən xahiş edirəm ki, yalnız rəsmi mənbələrə istinad etsinlər. Hazırda xaricdə beynəlxalq konfransdayam. Yaxın günlərdə Vətənə qayıdacağam və hər bir vətəndaşın sağlamlığının bərpasına dəstək verməyə davam edəcəyəm".

Aytən Səfərova həmçinin əməkhaqqı kartından 11 min manat məbləğində vəsait çıxarılması və bununla bağlı səsləndirilən iddialara da münasibət bildirib:

"Kartımdan çıxarılan vəsaitlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Hazırda məsələ hüquqi müstəvidə araşdırılır və yekun nəticə barədə əlavə məlumat veriləcək. Odur ki, hamınızı səbirli olmağa çağırıram".

 

*****

"Caspian International Hospital" əvvəllər orada çalışmış tanınmış həkim Aytən Səfərovanın əməkhaqqı kartından 11 min manat vəsait çıxarılması və klinikanın vəzifəli şəxslərinə cinayət işinin açılması ilə bağlı yayılan iddialara cavab verib.

Qaziler.az xəbər verir ki, klinikadan "Qafqazinfo"ya sözügedən iddiaların əsassız olduğu bildirilib.

"Aytən Fəxrəddin qızı Səfərova klinikamızda fasilələrlə uzun müddət çalışıb. Lakin onun haqqında pasiyentlərdən çoxsaylı şikayətlər olduğu, sonsuzluğun müalicəsində effektivliyin azaldığı nəzərə alınaraq 2024-cü il dekabrın 11-də əmək müqaviləsinə xitam verilib. A.Səfərovanın bir çox pasiyenti müalicədən qeyri-məmnun qaldığı üçün ödəniş etməkdən imtina edib, nəticədə klinikaya olunmalı ödənişləri hələ də borc olaraq qalmaqdadır. O cümlədən, pasiyentlər dəfələrlə hüquq-mühafizə orqanlarına və Analitik Tibbi Ekspertizaya həkim Aytən Səfərovadan şikayətlər edib. Hətta bir neçə pasiyent intihar etmə həddinə çatıb, onlardan üzərinə benzin töküb özünü yandırmağa cəhd edən də olub", - deyə açıqlamada vurğulanıb.

Həmçinin qeyd edilib ki, A.Səfərova ilə əmək müqaviləsinə xitam verildikdən 10 ay sonra klinika rəhbərliyinə zəng edən və özünü Aytən Səfərovanın vəkili kimi təqdim edən şəxs 11000 manat vəsaitin kartlarından oğurlandığını iddia edib: "Vəkil məsələnin aydınlaşdırılması üçün görüşə dəvət olunsa da, bundan imtina edib və klinikanı məhkəməyə verməklə hədələyib. Hazırda bu məsələ hüquqi müstəvidə araşdırılır".

Xatırladaq ki, xəstəxananın vəzifəli şəxsləri tərəfindən Aytən Səfərovanın icazəsi olmadan ona yeni bank kartının sifariş olunması və hesabından 11 min manat vəsaitin mənimsənilməsi ilə bağlı iddia yayılmışdı.