İşsizlikdən sığorta fondu (İSF) müvafiq sığorta ödənişləri ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsində də önəmli rola malikdir.
Qaziler.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi fonduna istinadla xəbər verir.
Gələn il fondun gəlirlərinin bu ilə nisbətən 31,9 milyon manat (15,5 faiz) çox olmaqla 238,3 milyon manat olması nəzərdə tutulur.
İSF-nin xərclərinin isə cari illə müqayisədə 5,7 milyon manat (2,2 faiz) çox olmaqla 266,4 milyon manat olacağı proqnozlaşdırılır.
Bu xərclərin işsizliyə görə sığorta ödənişləri və həmçinin
- özünüməşğulluq proqramının icrası,
- peşə hazırlığı, haqqı ödənilən ictimai işlərin və əlavə təhsilin təşkili,
- peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi,
- peşə standartlarının hazırlanması,
- sosial iş yerlərində əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi,
- sosial müəssisələrin yaradılması, məqsədli proqramların həyata keçirilməsi
və digər aktiv məşğulluq tədbirlərinə yönəldilməsi nəzərdə tutulur.
Ümumilikdə İSF-nin vəsaiti hesabına 2026-cı ildə 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması işləri aparılacaq.
İşsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradan özünüməşğulluq proqramının icrasının uğurla davam etdirilməsində İSF gələn il də mühüm dəstək olacaq.
Növbəti ildə 15 min ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatların qurulması nəzərdə tutulur.
Onlardan 8 mini üçün fondun vəsaiti hesabına, qalan 7 mini üçün Dünya Bankı layihəsi çərçivəsində təsərrüfatlar yaradılacaq.
Sosial şəbəkələrdə də bizi izləyin:



