2026-cı il üçün dövlət və icmal büdcələrin layihələri ölkəmizin sosial-iqtisadi prioritetləri və qarşımızda duran çağırışlar nəzərə alınmaqla tərtib olunub.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
O qeyd edib ki, qeyri-neft gəlirlərinin dinamik olaraq artması dövlət büdcəsinin neft amilindən asılılığını azaltmaqla yanaşı, strateji valyuta ehtiyatlarına qənaət imkanı yaradır: "Ortamüddətli dövrdə dövlət maliyyəsi sahəsində neftdən asılılığın minimal həddə endirilməsi, habelə dövlət borcunun dayanıqlı səviyyədə qorunması üçün hökumət metrik strateji hədəflər və müvafiq yol xəritəsi müəyyən edib. Təqdim olunan 2026-cı il dövlət büdcəsi büdcə layihəsində eyni zamanda büdcədənkənar dövlət fondlarının və regionların dövlət büdcəsindən asılılığının minimallaşdırılması prinsipi rəhbər tutulub ki, bu da fiskal dayanıqlığın digər mühüm parametrləri kimi çıxış edir", - deyə o qeyd edib.
Bundan başqa, nazirin sözlərinə görə, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi sahəsində maliyyə təminatı 2026-cı il dövlət büdcəsinin əsas prioritetlərindən biri olaraq müəyyən edilib: "Növbəti il müdafiə və milli təhlükəsizlik məqsədləri üçün dövlət büdcəsi xərclərinin 21 %-i qədər, yəni 8,7 milyard manat vəsait nəzərdə tutulur. Bu məbləğ cari illə müqayisədə 319 milyon manat çoxdur".



