Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən milli vaxt infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addım atılıb.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ilk dəfə Milli Etalon Vaxtı, yəni UTC (AZ) Beynəlxalq Çəkilər və Ölçülər Bürosu (BIPM) tərəfindən təsdiqlənib.
Hazırda Azərbaycan UTC-yə (Koordinasiyalı Universal Vaxt) töhfə verən laboratoriyaya malik dövlətlər sırasında yer alır. Belə ki, AzMİ-nin vaxt və tezlik ölçmələri laboratoriyası tərəfindən milli vaxtla peyk sistemləri arasındakı vaxt fərqinə dair məlumatlar mütəmadi olaraq BIPM-ə göndərilir.
Qeyd edək ki, dəqiq vaxtın dövlət qurumları, özəl sektor, maliyyə və nəqliyyat sahələri, eləcə də telekommunikasiya şəbəkələri üçün əhəmiyyətini nəzərə alaraq, xarici mənbələrdən asılılığın azaldılması məqsədilə Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyası müasir tələblərə uyğun yenidən qurulub. Bu laboratoriya yüksək dəqiqlikli sezium atom saatları, peyk siqnal qəbulediciləri və NTP (Şəbəkə Vaxtı Protokolu) əsaslı vaxt paylama sistemi ilə təchiz olunub.
UTC (AZ)-in təsdiqlənməsi maliyyə, telekommunikasiya, nəqliyyat, energetika və digər mühüm əhəmiyyətli sahələrin dəqiq, etibarlı və təhlükəsiz vaxtla təmin edilməsinə şərait yaradacaq. Eyni zamanda, bu təşəbbüs ölkəmizdə vaxt metrologiyası üzrə elmi-tədqiqat fəaliyyətlərinin əsasını qoyacaq, kadr potensialının inkişafına və elmi-texniki tərəqqinin sürətlənməsinə töhfə verəcək.
Milli Etalon Vaxtının təsdiqlənməsi yalnız texniki yenilik deyil, həm də ölkəmizin strateji maraqları, iqtisadi təhlükəsizliyi, informasiya müstəqilliyi və beynəlxalq etibarlılığı baxımından mühüm əhəmiyyət kəsb edən addımdır.



