Azərbaycanda digər həssas qruplar kimi, gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası da dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı nəticəsində bu sahədə ardıcıl və məqsədyönlü işlər aparılır, gözdən əlilliyi olan şəxslərin sosial təminatı ildən-ilə gücləndirilir.
Qaziler.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir ki, ölkəmizdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə yanaşı, gözdən əlilliyi olan şəxslərin də dövlət tərəfindən mənzillə təminatı həyata keçirilir. Son illərdə Bakıda 132 mənzilli yaşayış binası tikilərək onların istifadəsinə verilib, həmçinin yeni yaşayış komplekslərindən yüzlərlə mənzil gözdən əlilliyi olan şəxslərə təqdim edilib.
Bu kateqoriyalardan olan vətəndaşların İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri olaraq Naxçıvan, Gəncə, Yevlax şəhərlərində Regional İnformasiya Mərkəzləri yaradılaraq onların istifadəsinə verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlilliyi olan şəxslər əmək pensiyası və ya müavinətlə, həmçinin onlardan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxslər və onlara qulluq edənlər Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar.
Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində görmə qabiliyyəti məhdud şəxslərə də tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, həmçinin psixoloji və sosial reabilitasiya xidmətləri göstərilir.
Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində digər əlilliyi olan şəxslərlə yanaşı, görmə imkanı məhdud şəxslərin də yeni peşələrə yiyələnmələri üçün işlər aparılır.
Eyni zamanda, bu kateqoriyadan olanların əmək bazarına çıxışının dəstəklənməsi işləri davam etdirilməklə, özünüməşğulluq proqramı çərçivəsində həmin şəxslərin də kiçik bizneslərinin qurulmasına dəstək göstərilir. Həmçinin Azərbaycan Gözdən Əlilliyi olan Şəxslər Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində onlar üçün xüsusi proqram əsasında peşə hazırlığı kursları təşkil olunur.
Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı ötən il xeyli genişləndirilib və siyahıya gözdən əlilliyi olan şəxslər üçün ağ əsa, brayl sistemi ilə yazı üçün cihaz, ekran-oxuyucuları və s. də daxil edilib.



