Böyük qayıdışın yeni ünvanlarından biri də Xocalıdır.
Tarixin ən ağır faciəsini yaşayıb, bəşəriyyətin ən qanlı terroruna məruz qalan, minlərlə günahsız sakini qətlə yetirilən Xocalı... İllərdir ki, yayın qızmar günəşli günündə belə Xocalının adını eşidəndə canıma bir üşütmə gəlib, hər yanı qar və qan rəngində görmüşəm və bir də 1991-ci ilin noyabrından düz dörd ay mühasirədə yaşayan xocalılara kömək üçün özünü oda -közə atan, haray çəkən, harayı eşidilməyən həmkarımız Səriyyə xanımı xatırlamışam ...
... 33 il sonra Xocalıdayıq. İllərlə ağı deyib ağladığımız Xocalı indi bizi elə bir yeniliklə,
müasirliklə qarşılayır ki, Xocalının simasına heyran olmuya, sevinməyə bilmirsən. Daha hər yer təhlükəsizdi, dörd tərəfindən Xocalıya silah tuşlayan Ermənistan - Rusiya silahlı birləşmələrinin izi - tozu da yoxdur. Azərbaycan polislərini, azad Xocalını, üz - gözlərindən sevinc yağan xocalıları və qürurla dalğalanan üçrəngli bayrağımızı görmək elə bir fəxarət hissi yaratdı ki, onu sözlə ifadə etmək mümkün deyil.
Sevindirici məqamlardan biri də odur ki, bu gün Xocalıdakı vəziyyət barədə müsahibə götürdüyüm Erməni Təavüzünün Tanıdılması İB-nin sədri Səriyyə Müslüm qızı bir vaxtlar əzizlərini xilası üçün çabalayan həmin həmkarımız, həmin Səriyyə xanımdı.
-Səriyyə xanım, Xocalıya ilk köç edənlərin arasında sizi görəndə həm çox kövrəldim, həm də sevincim yerə - göyə sığmadı. Nə xoş oldu ki, buradakı vəziyyət haqqında müsahibəmi də elə sizdən götürürəm. Keçmişə qayıtmaq, köhnə yaralarımızı yenidən qanatmaq istəmirəm, o qədər dərdlərimizi bölüşüb ağlamışıq ki... İndi bizə Xocalının bu günündən danışın, vəziyyət necədir?
- Doğru deyirsiniz, Qarabağ hər birimizin qaysaq bağlamayan yarası idi .Yaramıza sarıla-sarıla yaşayır, göz yaşlarımızı ağ vərəqlərə tökə -tökə yazılar yazıb təskinlik tapardıq. Ta 2020- ci ilin sentyabrın 27- nə kimi... Qarabağı görməyən oğullar üç rəngli bayrağımızı öpərək döyüşə yollandılar, onlardan 2907 nəfər şəhidimiz üçrəngli bayrağa bükülərək geri döndülər.Bu torpaqlar alınanda sevinclə- kədərin ağuşunda qaldıq.
Qaysaq bağlamayan yaramız olan Xocalıya ilk köç olunanda da bilmədim sevinim , yoxsa kədərlənim. 2024-cü il mayın 28 –də hər yanı eçrəngli bayrağımıza bürünən Xocalını efirlərdə görəndə təskinlik tadım. İlk vaxtlar Xocalıda yaşamaq çətin idi, qoyub getdiyimiz qəlbimizi didib parçalayan o qədər acı xatirələr vardı ki... Amma yurd yeri o qədər şirindi ki, adam yaşamaq, qurub yaratmaq istəyir .Artıq Xocalı şəhərində 82 ailə yaşayır . Xocalı 1 saylı tam orta məktəb 33 şagirdlə dərsə başlamışdıq. İndi isə şagirdlərin sayı 175 nəfər, pedaqoji heyət isə 21 nəfərdir. Məktəbin direktoru isə bu məktəbin məzunu şəhid övladı Nəvai Həsənovdu.
Xocalı 1 nömrəli körpələr evi- uşaq bağçasınin müdiri Bahar xanım Ataşovadan öyrəndim ki,40 yerlik bağçada 25 uşaq təhsil alır. Yəqin ki, gələcəkdə qrupun açılmasına imkan yaradılacaq. Səyyar tibb məntəqəsi də sakinlərimizin xidmətində dayanır.Xocalıda həyat davam edir.
Qürurla deməliyik ki, bundan sonra hər il sentyabrın 20-də Xocalıda möhtəşəm bayram tədbiri keçiriləcək.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olunub.
Xocalı bu gün gözəl günlərini yaşayır. Şəhərin torpağının üstündə Xocalının doğma sakinləri addımlayır, havasını onlar udur , suyunu köçkünlüyə son qoyan doğmalarımız içir. Bundan gözəl nə ola bilər?
Xocalının gözəlliyinin üstünə gözəllik gəlib. Xocalı sakinləri ilə görüşü zamanı möhtərəm Prezidentimiz İlham Əliyevin söylədiyi kimi, o qədər gözəl təbiəti var ki, burada yaşamaq, yaratmaq hər bir insana xüsusi zövq verəcək.
44 günlük Vətən savaşında qəhrəman Azərbaycan oğullarının, Ali Baş Komandanımız İlham Əliyevin böyük igidliyi sayəsində Xocalı qatillərindən, insan cəlladlarından günahsız soydaşlarımızın qisası alındı. Bununla da xocalıların, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çilədilər. Bu gün hər bir azərbaycanlının qarşısında mühüm vəzifələrdən biri də Xocalı soyqırımı və bütövlükdə erməni vandallarının Qarabağda etdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır .
- Səriyyə xanım, siz illərlə Xocalıya ədalət uğrunda qələmi ilə döyüşən ziyalılarımızdan biri olmusunuz və yazdığınız kitablarınızla, məqalələrinizlə, bir çox xarici ölkələrə səfərlərinizlə Xocalı soyqırımı haqqında, erməni vəhşiliyi haqqında təsəvvür yarada bilmisiniz.
-Bəli, əlimdən gələni etməyə çalışmışam. Xocalı soyqırımından bəhs edən kitablarimla fikirlərimlə bir çox ölkələrdə tədbirlər keçirmişəm. Amma şəhid şagirdlərindən bəhs edən "Onlar heç vaxt böyüməyəcəklər" əsəri məni həmişə çox duygulandirir, istəyirəm ki, bu əsər dünyanın hər bir xalqina çatdırılsın. Qoy heç vaxt müharibə olmasın, uşaqlar yaşasın! Doğrudur , kitablarım XİN-nin xətti ilə yayımlanır. Erməni Təcavüzünün Tanıdılması İB sədri kimi Almaniyada, Macarıstanda, Hollandiyada, Avstriyada, Bosniya və Hersoqoviniyada, Moldovada Türkiyə və Gürcüstanda və digər ölkələrdə kitablarımın, filmlərin təqdimatlarını keçirəndə səsim daha çox ölkələrdə duyulmadı, onu istəyirəm...
Mübarizəmiz hələ bitməyib, ermənilər Xocalıda törətdikləri soyqırımına görə üzür istəməlidirlər.
-Səriyyə xanım, siz ömrünüzün bir yarısını Xocalıda, bir yarısını da Bakıda yaşamısınız. Düşünürəm, bu 30 ildə axı Bakıya da öyrəşdik, doğmalaşdıq. Seçim üçün iki yol arasında qalmaq sizinçün çətin olmadı ki?!
- Bakı mənim üçün doğma paytaxt şəhərimdi, amma Xocalı ruhumun bağlı olduğu yer. Mən Xocalısız yaşaya bilmərəm. O həsrətli günlərimə son verib, yaralarımla bir yerdə elə sarılmışam ki, doğma Xocalıma, daha kimsə məni doğma yurddan ayıra bilməz ...
- Ürəkdən sevincinizə qoşuluruq, əziz həmkarım, Yurddan, xalqdan, Vətəndən həmişə sevinək!
Zəkurə Quliyeva, "Qarabağ" qəzetinin redaktoru



