“Şahdağ”ın qışa hazırlıq işləri müzakirə olunub

“Şahdağ”ın qışa hazırlıq işləri müzakirə olunub backend

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Şahdağ” Turizm Mərkəzində aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə maraqlanıb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kompleksin baş layihəçisi və baş podratçı təşkilatların rəhbərləri ilə işlərin gedişini ətraflı müzakirə edən Ə. Qarayev müəyyən çatışmazlıqların aradan qaldırılması üçün tövsiyə və tapşırıqlarını verib.

Nazir, həmçinin “Şahdağ” Turizm Mərkəzinin müdiriyyəti və burada fəaliyyət göstərən otellərin idarəçiliyini həyata keçirən şirkətin təmsilçiləri ilə görüşüb. Görüşdə Prezident İlham Əliyevin 10 sentyabr 2015-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ” Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Sərəncamın icrası ilə bağlı bütün tədbirlərin yüksək səviyyədə həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Kompleksdə qış turizm mövsümünə hazırlıq işləri müzakirə olunub. Yeni il münasibətilə hazırlanan mədəni-əyləncəli proqramlara dair təqdimat keçirilib.