Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 8 Noyabr Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, Xankəndi şəhər 1 saylı körpələr evi, uşaq bağçasında keçirilən tədbirdə uşaqların ifasında Vətənə həsr olunmuş şeirlər, mahnılar və rəqslər səsləndirilib, üçrəngli bayrağımız və qəhrəman ordumuz haqqında çıxışlar edilib. Tədbirin məqsədi uşaqlarda vətənpərvərlik, milli qürur və azərbaycançılıq ruhunun aşılanması olub.Həmçinin Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə də Zəfərin 5-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir zamanı torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiramla anılıb, Qarabağ Zəfərinin qəhrəmanlıq salnaməsi bir daha səsləndirilib. Uşaqların ifasında səslənən vətən mövzusunda şeirlər, mahnılar və səhnəciklər tədbir iştirakçılarında qürur hissi yaradıb.
Tədbir çərçivəsində Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının hazırladığı “Zəfər Zəngi” adlı film nümayiş olunub. 44 günlük Vətən müharibəsindən bəhs edən film tamaşaçılarda böyük maraq və emosional təsir doğurub.Zəfər Gününə həsr olunan bu tədbirlərdə Azərbaycan xalqının birliyi, Ordumuzun qəhrəmanlığı və şəhidlərimizin əziz xatirəsi xüsusi ehtiramla yad olunub.



