Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.
Trend-in məlumatına görə, bu işlər çərçivəsində Xocavənd rayonunun iki kəndiə fərdi yaşayış evlərinin təmiri işləri aparılacaq.
Belə ki, rayonun Qarakənd və Qarazəmi kəndlərində hərəyə 40 ev (6732 m2) olmaqla ümumilikdə 80 ev təmir olunacaq.
Məlumata görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Qurum Qarakənd kəndindəki evlərin təmirini “İmza Construction”Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), Qarazəmi kəndindəki evlərin təmiri işlərini isə “Conrad” MMC-yə həvalə edib və müqavilələr bağlayıb.
Müqavilələrə uyğun olaraq, adı birinci qeyd olunana şirkətə 2,349 milyon manat, digərinə isə 2,354 milyon manat ödənilib.
Beləliklə, rayonun iki kəndi üzrə 80 evin təmirinə 4,7 milyon manata başa gələcək. Hesablamaya əsasən, bir evin təmirinə təqribən 58,7 min manat sərf ediləcək.
İşlərin həvalə olunduğu “İmza Construction” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Əliyev Azər Oqtay oğludur.
“Conrad” MMC isə 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 manat olan MMC-nin qanuni təmsilçisi Quliyev Ruslan Abuzər oğludur.



