Noyabrın 5-də Nizami Kino Mərkəzində “Vətən Çağıranda” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Bu film təkcə bir qəhrəmanın həyat hekayəsi deyil, o, bütöv bir millətin, bir dövrün, bir qeyrət səlnaməsinin kino salnaməsidir.
Qaziler.az xəbər verir ki, filmin layihə rəhbəri Göyçay “Məzunlar Birliyi”nin fəal üzvü Xuraman Osmanova, ideya müəllifi tanınmış hərbi jurnalist, vətənpərvər söz adamı Şəmistan Əlizamanlı, ssenari müəllifləri Ötərxan Eltac və Nicat Cəlilov, rejissoru isə Azərbaycanın ilk qazi rejissoru olan Nicat Cəlilovdur.
“Vətən Çağıranda” filmi 1-ci və 2-ci Qarabağ müharibələrində qəhrəmancasına döyüşmüş, qələmi atıb silaha sarılan komandir, ehtiyatda olan mayor Muxtar Həşimovun döyüş yolundan bəhs edir. Qarabağ qazisi Muxtar Həşimov 1956-cı ilin 25 sentyabrında Laçın rayonunun Cicimli kəndində anadan olub. Sənəti müəllimlik olsa da, ömrünün böyük bir hissəsini vətənə xidmətə həsr edib. Müxtəlif kənd məktəblərində müəllim və direktor kimi fəaliyyət göstərib, lakin 1991-ci ildə ilk ordu yaradılan zaman tərəddüd etmədən ordu sıralarına qoşulub. O, sıravi əsgər kimi başladığı hərbi yolda mayor rütbəsinə qədər yüksəlib, döyüş meydanlarında mərdliyi, əzmkarlığı və vətən sevgisi ilə tanınıb.
Bu filmin əslində iki qəhrəmanı var. Biri Vətən uğrunda canını, gəncliyini, qürurunu əsirgəməyən, 1-ci və 2-ci Qarabağ müharibələrinin igid döyüşçüsü, ehtiyatda olan mayor Muxtar Həşimov, digəri isə bu filmin ərsəyə gəlməsində həm maddi, həm mənəvi dəstəyi ilə mühüm rol oynayan, Göyçay “Məzunlar Birliyi”nin fəal üzvü, görkəmli pedaqoq, tanınmış ziyalı, hazırda Bakı şəhəri Nizami rayonu N. Həmzəyev adına 238 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışan Xuraman Osmanovadır. Onların hər ikisi bu filmin ruhuna öz damğasını vurub, biri silahla, digəri isə ürəyi ilə Vətəni qoruyub. Film məhz bu iki fədakar insanın həyat hekayəsində Azərbaycan xalqının müqəddəs savaş ruhunu, müəllim olanda belə silahı doğru tutmağı bacaran, qələmini torpağa çevrilməyə qoymayan igidlərin obrazını tamaşaçıya çatdırır. Ekran əsərinin rejissoru Vətən Müharibəsi qazisi Nicat Cəlilovdur. O da bu torpaqların od-alov içindən keçmiş, müharibənin acısını, qürurunu və qələbə ruhunu öz gözləri ilə görmüş sənətkarlardandır. Nicat bəy bu gün də vətənpərvərlik mövzusunda sənədli filmlər çəkərək, Azərbaycan əsgərinin qəhrəmanlığını ekranlaşdırır. “Vətən Çağıranda” filmi Nicat bəy və Xuraman xanımın birgə ərsəyə gətirdikləri nə ilk, nə də son işləridir. Onların birgə əməkdaşlığı gələcəkdə də neçə-neçə bu cür dəyərli filmlərin yaranacağına inam yaradır.
Filmin ideya müəllifi Şəmistan Əlizamanlı bu əsərdə də öz yaradıcılığının əsas xəttini qoruyub, Vətən sevgisi, şəhidlərə ehtiram, igidlərin unudulmaz xatirəsi. Onun ideya və ruhu bu filmi sadəcə sənədli materialdan çıxarır, bir dastana çevirir.
Bu ekran əsəri yalnız bir filmin təqdimatı deyil, həm də vətənpərvərlik ruhunun, milli yaddaşın yaşadılması baxımından mühüm hadisə oldu. “Vətən Çağıranda” filmi bir daha sübut etdi ki, Vətəni sevmək üçün hər kəsin öz mövqeyi, öz səngəri var, kimisi ön cəbhədə silahla, kimisi isə söz və sənətlə mübarizə aparır.
Bu layihəyə ana qayğısı, müəllim zəkası və Vətən sevgisi ilə ruh verən Xuraman Osmanovaya xüsusi təşəkkür düşür. Onun səssiz, amma dərin fədakarlığı bu filmin hər kadrında hiss olunur. Hər addımında millətinə, torpağına, qəhrəmanlarına olan sevgini yaşadan Xuraman xanım, siz bu filmin sadəcə layihə rəhbəri yox, onun ürəyi oldunuz.
“Məzunlar Birliyi” sizinlə fəxr edir, Xuraman xanım! Sizin kimi insanlar olduğu müddətcə, Vətən heç vaxt susmayacaq, o, sənətin, xatirələrin və minnətdar ruhların dili ilə daim danışacaq.
Yeganə Nadir Qızı



