Daşkənddə MDB ölkələrində sosial müdafiənin təşkili məsələləri müzakirə olunub

Daşkənddə MDB ölkələrində sosial müdafiənin təşkili məsələləri müzakirə olunub backend

Özbəkistanın Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının 38-ci iclası keçirilib.

Qaziler.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, iclasda ölkəmizi əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev təmsil ediblər.

Rəşad Mustafayev iclasda çıxış edərək, son illər Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar və əldə olunan uğurlar barədə məlumat verib. O, ölkəmizdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlara nail olunduğunu, sosial müdafiə sisteminin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində atılan addımları qeyd edib. Əmək, məşğulluq və sosial müdafiə sahələrində xidmətlərin rəqəmsallaşdırılması, o cümlədən proaktiv xidmətlərin yaradılması istiqamətində son illər əldə edilən mühüm nailiyyətləri diqqətə çatdırıb.

Nazir müavini həmçinin “Əmək münasibətlərində rəqəmsal transformasiyanın tətbiqi” mövzusunda təqdimatla çıxış edib. Azərbaycanda əmək və məşğulluq sahələrində yaradılmış elektron xidmətlər, 2022-ci ildə istifadəyə verilən, vahid  əmək münasibətləri platforması olan və rəqəmsal kadr uçotu sisteminə keçidi təmin edən “Əmək və Məşğulluq” altsisteminin üstünlükləri barədə məlumat verilib. Bu platforma üzərindən əmək müqavilələrinin elektronlaşdırıldığı diqqətə çatdırılıb.

Ölkəmizdə sosial sahədə tətbiq edilən rəqəmsal həllər iclas iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və müsbət qiymətləndirilib.

Qeyd edək ki, MDB çərçivəsində əmək və sosial müdafiə sahəsində aparılan təcrübə mübadilələri bu sahədə əməkdaşlığın genişlənməsinə, eləcə də ortaq çağırışlara birgə və dayanıqlı həllərin formalaşdırılmasına töhfə verir.