“Böyük Qayıdışa aparan yollar” sərgi-təqdimat keçirilib

“Böyük Qayıdışa aparan yollar” sərgi-təqdimat keçirilib backend

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi paytaxtdakı "Qalereya-1969" sərgi salonunda “Böyük Qayıdışa aparan yollar” adlı sərgi-təqdimat keçirib.

Qaziler.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan Fotoqrafları Birliyinin fəxri üzvü, ölkəmizdə ictimai-siyasi fotojurnalistikanın tanınmış veteranı Rafiq Bağırovun müxtəlif illərdə çəkdiyi fotoşəkillərdən ibarət sərgiyə tamaşa ediblər. Bu fotoşəkillərdə, əsasən, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu dövründəki fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Böyük Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin nəticələri əks olunub. Fotoşəkillərdən bir neçəsi ilk dəfədir ki, nümayiş olunurdu.

Daha sonra sərgi salonunda Dövlət Komitəsi tərəfindən Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün aparılan məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri tədbirləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda çəkilmiş videoçarxlar nümayiş etdirilib.

Ulu Öndər Heydər Əliyevin xalqımız və milli dövlətçiliyimiz qarşısındakı böyük xidmətlərinin təbliğinin indiki və gələcək nəsillər üçün əhəmiyyətini vurğulayan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətlərin, o cümlədən Böyük Zəfərin və onun nəticəsi olaraq başlanmış Böyük Qayıdışın hazırda dünyanın diqqət mərkəzində olduğunu xatırladan Dövlət Komitəsinin sədri Rövşən Rzayev sərgi-təqdimat barədə tədbir iştirakçılarına məlumat verib, bu cür tədbirlərin Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təşkil olunduğunu qeyd edib.

Tədbirdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov açılış nitqi ilə çıxış edib.

Azərbaycan Respublikası Milli Məclisinin sədrinin müavini, akademik Rafael Hüseynov tədbirdə çıxış edərək bildirib ki, ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə daim diqqət və qayğı göstərilib, bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti Prezident İlham Əliyev uğurla davam etdirib. Azərbaycanın bu günkü nailiyyətlərinin müstəqil dövlət quruculuğu dövründə Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu vurğulayan natiq birinci Qarabağ müharibəsində atəşkəs olunmasının, “Əsrin müqaviləsi”nin imzalanmasının, ölkəyə xarici valyuta cəlb edilməsinin, müasir ordunun formalaşdırılmasının, bütün sahələrdə köklü islahatların aparılmasının, həmçinin qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üçün görülən işlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev də ölkə rəhbəri seçilərkən xalqa verdiyi vədlərin hamısını yerinə yetirib. Məhz onun təşəbbüsü ilə məcburi köçkünlər qısa müddətdə çadır düşərgələrdən, vaqonlardan və yaşayış üçün əlverişsiz olan digər yerlərdən müasir tipli qəsəbələrə köçürülüblər, bu kateqoriyadan olan 300 min insan yeni ev və ya mənzillə təmin edilib. Dövlətimizin başçısının hərbi-siyasi qətiyyəti, şanlı Ordumuzun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi isə məcburi köçkünlərin doğma yurda qayıdışına şərait yaradıb. Böyük Zəfərdən sonra başlanmış Böyük Qayıdış hazırda uğurla davam etdirilir, Qarabağın, Şərqi Zəngəzurun yenidən dirçələn şəhər və kəndləri öz daimi sakinlərinə qovuşur. 

Diqqətə çatdırılıb ki, qaçqınların və məcburi köçkünlərə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da təsirli dəstək göstərir. Beşinci ili tamam olan tarixi Zəfərdən sonra başlanmış Böyük Qayıdış prosesi də Azərbaycan dövlətinin keçmiş məcburi köçkünlərlə bağlı dünyada analoqu olmayan siyasətinin bariz ifadəsidir. Uzun illər doğma torpaqlarından məcburi şəkildə didərgin düşmüş vətəndaşların təhlükəsiz, ləyaqətli və dayanıqlı şəkildə geri qayıtması üçün sistemli tədbirlər həyata keçirilir. 

Akademik həmçinin əlavə edib ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq icra edilən Böyük Qayıdış tək insanlar öz yurdlarına qayıdışı deyil, həm də tarixi həqiqətə, mənəvi köklərə qovuşmaqdır. 

Tədbirdə, həmçinin “Böyük Qayıdışa gedən yollar” adlı videoçarxın təqdimatı olub. Videoçarx Böyük Qayıdışın emosional və insani tərəflərini işıqlandırır, azad edilmiş torpaqlarda həyatın yenidən doğuluşunu sənədli kadrlarla əks etdirir.

Sərgi-təqdimatda çıxış edən Rafiq Bağırov onun yaradıcılığına göstərilən diqqətə və sərginin təşkilinə görə Dövlət Komitəsinə minnətdarlıq bildirib. Dövlət Komitəsi adından tanınmış fotoqrafa təşəkkürnamə təqdim edilib. 

Tədbirdə Rafiq Bağırovun 1990-cı illərdə Ulu Öndər Heydər Əliyevin Cəbrayıldan olan məcburi köçkünlərlə görüşündə çəkdiyi şəkillər içərisində azyaşlı uşaqla – Səma Məmmədova ilə olan fotosu daha çox diqqət çəkib. Tədbirdə çıxış edən Cəbrayıl rayonundan keçmiş məcburi köçkün Səma Məmmədova uşaq olmasına rəğmən o illərin ağrı acısını unutmadığını, Ulu Öndərin daim məcburi köçkünlərə diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıb: “Biz Heydər Əliyevin məcburi köçkünlərə həssas, qayğıkeş münasibətini həmişə hiss etmişik. Bugünkü tədbirdə sərgilənən o şəklimiz, dediklərimin bariz nümunəsidir. Şükürlər olsun, cənab Prezidentimizin rəhbərliyi, ordumuzun qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Vətənimizə - Cəbrayılımıza qovuşmuşuq”.  

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, Şuşadan olan keçmiş məcburi köçkün Vüsalə Fətəliyeva, eləcə də Ağdam rayonundan olan keçmiş məcburi köçkün, yazıçı-publisist Təhmasib Novruzov da çıxış ediblər. Natiqlər Böyük Qayıdışın milli həmrəyliyin, vətən sevgisinin və dirçəliş ruhunun parlaq təzahürü olduğunu vurğulayıblar. Onlar uşaqlıq və gənclik illərini keçirdikləri doğma yurd yerlərini xatırlayaraq, həmin yerlərə yenidən qovuşmağın onlara bəxş etdiyi böyük sevinc və xoşbəxtlik hisslərindən söz açıblar.

Tədbirdə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər. 

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.