Tovuzda minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilirməsi, ehtiyaclarının öyrənilməsi yekunlaşır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyi “Mina/PHS hadisəsi və onun təsirlərinin azaldılmasına dəstək” layihəsi çərçivəsində Tovuz rayonunda da minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilməsi, ehtiyaclarının öyrənilməsi yekunlaşır.
Bu barədə AMZA-nın sədri Rey Kərimoğlu Qaziler.az-a məlumat verib.
Onun sözlərinə görə, layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsi təşkil edir:
“Xəbər verildiyi kimi, təşkilatımız ötən il Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumaqyıt, Abşeronda) həyata keçirib.
Bu il isə layihə çərçivəsində səkkiz rayonda və şəhərdə (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında, Gəncə şəhərində) icra edəcəyik. Qeyd edim ki, adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İMSMA agentləri ilə sorğular keçirilir. Toplanmış məlumatlar mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Artıq Tovuz rayonunda sorğuların keçirilməsini əsasən başa çatdırmışıq. Tovuz rayonunda ən çox minadan və partlamamış hərbi sursatdan zərərçəkənlər Ermənistanla həmsərhəd olan kəndlərdədir. Məsələn, təkcə Əlibəyli kəndində iyirmiyə yaxın sakin zərər çəkib. Biz Əlibəylidə olduq, onlardan kənddə yaşayanları ilə görüşdük. Həm də problemlərini öyrəndik. Gücümüz çatan qədər kömək edəcəyik. İşimizin çətinliyi ondan ibarətdir ki, bəzi minadan zərərçəkənlər qeydiyyatda olduqları ərazi üzrə yaşamırlar. Ya Bakıda və digər şəhərə, rayona köçüblər, ya da xarici ölkələrdə yaşayırlar. Buna baxmayaraq, biz onların ailə üzvləri ilə görüşürük, onların vasitəsi ilə həmin şəxsləri sorğuya cəlb etməyə çalışırıq.”
Xatırladaq ki, ANAMA-nın təqdim etdiyi rəsmi məlumatlara görə, 1991-ci ildən 2025-ci ilin 2 iyun tarixləri müddətində mina qurbanlarının sayı 3 400-dən artıqdır. Onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci ilin noyabr ayından 2025-ci ilin bu gününə qədər mina qurbanlarının sayı 410 nəfər təşkil edir. Onlardan 71-i həlak olub, 339-i yaralanıb.
QAZİLER.AZ
 
                                                     
                                                     
                                                     
                                                     
                                                
                     
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
