Qazax rayonunda minadan və PHS-da zərərçəkənlərlə ilkin sorğular tamamlanıb - FOTO

Qazax rayonunda minadan və PHS-da zərərçəkənlərlə ilkin sorğular tamamlanıb -  FOTO backend

Onların siyahısı dəqiqləşdirilib, ehtiyacları öyrənilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyi “Mina/PHS hadisəsi və onun təsirlərinin azaldılmasına dəstək” layihəsi çərçivəsində Qazax rayonunda minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilir, onların ehtiyacları öyrənilir.

Bu barədə layihənin işçi heyətinin üzvü, minadan zərərçəkən Ruhin Vəliyev Qaziler.az-a məlumat verib. 

Onun sözlərinə görə, layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsi təşkil edir:

“Layihə çərçivəsində səkkiz rayonda və şəhərdə (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında, Gəncə şəhərində) nəzərdə tutulmuş işləri icra edirik. Adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İMSMA agentləri ilə sorğular keçirilir. Toplanmış məlumatlar mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Artıq Qazax rayonunda sorğuların keçirilməsini əsasən başa çatdırmışıq. Müəyyən edilmiş mina qurbanları ilə daha çox qapı-qapı gəzərək şəxsən görüşürük, onlardan sorğular götürürük. Vəfat edənlərin isə ailə üzvləri ilə görüşməyə çalışırıq. Əvvəlcə Qazax rayonunda 89 minadan və ya partlamamış hərbi sursatdan zərərçəkən müəyyənləşdirmişdik, amma araşdırmalarımız zaman bu say 113 nəfər çatdı. Onlardan 6 nəfəri 44 günlük müharibədən sonra minaya düşənlərdi. Bu insanların böyük əksrəyiyyətini tapıb şəxsən görüşmüşük, sorğularını götürmüşük. Axtarışlarımız və sorğu davam edir.”

 

ANAMA-nın təqdim etdiyi rəsmi məlumatlara görə, 1991-ci ildən 2025-ci ilin 2 iyun tarixləri müddətində mina qurbanlarının sayı 3 400-dən artıqdır. Onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci ilin noyabr ayından 2025-ci ilin bu gününə qədər mina qurbanlarının sayı 410 nəfər təşkil edir. Onlardan 71-i həlak olub, 339-i yaralanıb.

 

Xatırladaq ki, təşkilatımız ötən il Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumaqyıt, Abşeronda) uğurla həyata keçirib.