Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşməyə qoşulmaqda, həmin birləşmənin təlimlərində iştirak etməkdə təqsirləndirilən Elxan İbrahimovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Elxan İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxs xarici ölkənin ərazisində qanunsuz silahlı birləşməyə qoşulub, birləşməyə aid təlim düşərgələrində müxtəlif hərbi təlimlərdə iştirak edib və həmin birləşmənin silahlı mühafizəsində iştirak edib.
Elxan İbrahimov AR Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, habelə onların fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirli bilinib.



