Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən "PeşəFest-2025"in Bakıda yekun tədbiri keçirilib. “Baku Crystal Hall”da “Peşə öyrən, gələcəyini qur!” devizi ilə keçirilən tədbirin məqsədi gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək olub.
Qaziler.az xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, təhsil müəssisələrindən rəhbər şəxslər, yeniyetmə və gənclər iştirak ediblər.
Anar Əliyev 2022-ci ildən təşkil olunan “Peşələr festivalı”nın gənclərin düzgün peşə seçiminə və əmək bazarına hazırlıqlı daxil olmalarına dəstək məqsədi daşıdığını diqqətə çatdırıb. Nazir 160 mindən çox gəncin bu tədbirlərə qatılaraq müxtəlif peşələr üzrə əmək bazarının tələbləri, zəruri bacarıqlar və karyera imkanları barədə praktiki məlumatlar əldə etdiyini bildirib.
O, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə məşğulluq sahəsində 2018-ci ildən başlanmış islahatlar nəticəsində aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndiyini və məşğulluq xidmətlərinin yeni modelinin tətbiqinə başlandığını qeyd edib. Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin 9 ayında 371 min nəfərin aktiv məşğulluq tədbirləri ilə əhatə olunduğunu, onlardan 137 min nəfərin münasib işlərlə təmin edildiyini, 15,7 min nəfərin isə özünüməşğulluq proqramına cəlb olunduğuunu, 13,5 min işsiz şəxs üçün peşə hazırlığı kurslarının təşkil edildiyini diqqətə çatdırıb.
Anar Əliyev cari ildə 205 min nəfərə peşəyönümü məsləhəti xidmətləri göstərildiyini qeyd edərək bildirib ki, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, əmək məhsuldarlığının yüksəldilməsi əsas hədəflərdəndir. Bu məqsədlə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 1500-dən çox peşə və kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib.
Nazir gənclərin texnoloji yeniliklərə açıq olmasının mühüm önəm kəsb etdiyini, Dünya İqtisadi Forumunun proqnozlarına əsasən, 2027-ci ilədək işçi qüvvəsinin 44 faizinin əsas bacarıqlarında dəyişiklik baş verəcəyini, bu dəyişikliklər sırasında yumşaq və texnoloji bacarıqların ön sırada dayandığını qeyd edib.
Digər çıxışçılar gənclər üçün düzgün peşə seçiminin vacibliyini, “PeşəFest”in bu baxımdan əhəmiyyətli dəstək rolu oynadığını qeyd ediblər. Onlar gənclərin müasir əmək bazarının tələbləri, aktual peşələr üzrə zəruri bacarıqlar və karyera imkanlarına dair praktiki məlumatlara yiyələnməsində, öz maraq və bacarıqlarını aşkara çıxarmalarında bu interaktiv layihənin önəmindən bəhs ediblər. Sonra peşəkarlar ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə məlumat verib, peşə seçimi ilə bağlı tövsiyələrini çatdırıblar. Festival musiqi qruplarının ifaları və iştirakçılar arasında keçirilmiş maraqlı viktorinalarla davam edib.
Qeyd edək ki, “PeşəFest-2025” layihəsinə ötən ay Astarada başlanıb. Daha sonra Biləsuvar, Tovuz, Göygöl, Ağdam, İmişli, Ağsu, Ağdaş, Qəbələ və Xaçmaz rayonlarında keçirilib. Ümumilikdə, 10 rayon və paytaxt Bakıda bu tədbirlərə 80 minədək iştirakçı qatılıb. Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunub.
İştirakçılar festivalda bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanıblar.


