"Fərhadın heykəli" hazırlanır, gələn il Ağdamın mərkəzində ucaldılacaq - YENİLƏNİB

"Fərhadın heykəli" hazırlanır, gələn il Ağdamın mərkəzində ucaldılacaq -  YENİLƏNİB backend

"Ağdam şəhər mərkəzi parkında yerləşdiriləcək "Fərhadın heykəli" üzərində işlər davam edir. Xalq rəssamı Tokay Məmmədovun orijinal eskizi əsasında hazırlanan bu layihə şəhərimizin simvollarından birini əbədiləşdirəcək".

Bu barədə Apa-nın sorğusuna cavab olaraq, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib.

O bildirib ki, əsərin bərpası ilə Azərbaycan Respublikasının Xalq rəssamı Hüseyn Haqverdiyev məşğul olur: "Heykəlin texniki parametrlərinin icrası isə Sənan Cəfərovun səlahiyyətindədir. Layihənin baş kuratoru Azərbaycan Respublikasının Əməkdar rəssamı, elmlər doktoru Rəşad Mehdiyevdir. Heykəlin gələn il ucaldılması nəzərdə tutulur".

***

14:11

Ağdam şəhərinin mərkəzi parkında yüksələcək Fərhad heykəlinin inşaatı prosesinə baxış keçirilib.

Apa xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyi məlumat yayıb.

Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov "Fərhadın heykəli"nin hazırlanması prosesi ilə tanış olub.

Qeyd edək ki, Xalq rəssamı Tokay Məmmədovun müəllifi olduğu "Fərhadın heykəli" işğaldan öncə Ağdamın simvollarından hesab olunub. İşğal dövründə isə vandalizmə məruz qalıb.