Audiovizual Şura "Space TV"nin efirində yayımlanan "Banu" proqramında bölgələrin birində keçirilmiş qohum evliliyinə dair toy şənliyinin nümayişi ilə bağlı kanala xəbərdarlıq edib.
Qaziler.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb.
Qeyd edilib ki, sözügedən görüntülər kanalda bu ilin oktyabrın 8-i saat 22:06-23:09 arası nümayiş olunub.
Proqramın həmin buraxılışı cari il iyulun 1-də qüvvəyə minmiş Ailə Məcəlləsinə edilmiş qohumlar arasında evliliyin qadağan olunması ilə bağlı müvafiq dəyişikliklliklər prizmasından qiymətləndirilib. Hazırda Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsinə görə qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yol verilmir.
Şura kanala sorğu ünvanlayıb, verilən rəsmi cavaba əsasən süjetdə göstərilən toy şənliyi qanunvericilik dəyişikliklərinin qüvvəyə minməsindən xeyli əvvəl (rəsmi nikah 06 mart 2025-ci il tarixdə qeydə alınıb) baş tutub. Lakin bir neçə ay əvvəl lentə alınmış toy şənliyi televiziya kanalının mütəxəssislərinin texniki nöqsanı səbəbindən efirə oktyabr ayında verilib.
Bildirilib ki, yayımçıya göndərilmiş sorğuya cavabda pozuntunun etiraf edilməsi və nöqsan buraxmış əməkdaşla bağlı zəruri tədbirlərin görülməsi nəzərə alınaraq Audiovizual Şuranın üzvləri "Space TV" kanalına yalnız xəbərdarlıq edilməsi barədə razılığa gəliblər.