Mən şahidəm!

Mən şahidəm! backend
Qazilər.az saytı Azərbaycanın tanınmış jurnalisti, yazıçı - publisist, Azərbaycan, rus, ingilis, türk, malay dillərindən nəşr olunan 12 kitab müəllifi, əslən Xocalıdan olan, Xocalı soyqırımın canlı şahidi Səriyyə Müslüm qızının “Onlar heç vaxt böyüməyəcəklər” kitabından esseləri təqdim edəcək. Hələlik 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda qətlə yetirilən 63 uşağın taleyindən bəhs edən kitabla bağlı müəllifin yazısını sizin diqqətinizə çatdırırıq. Ardınca isə 63 uşağın hər biri haqqında kiçik esseləri yayımlayacağıq.

...Mən tarixin ən dəhşətli və insafsız gecələrindən biri - 1992-ci il fevralın 26-sı haqqında nə kitablardan oxumuş, nə də o gecənin faciəsini yaşamış insanların danışdıqlarını eşidib dəhşətə gəlmiş adamam. Sadəcə, alnımda taleyin dəhşətli bir yazısı varmış.

Mən həmin faciənin şahidiyəm.

Mən - Xocalı faciəsinin içərisindən keçib gəlmiş, o dəhşəti canında yaşamış, indi də sağ qalmağına təəccüblənən, həm peşman olan qismətsiz Xocalı sakiniyəm.

Mənim tarixin yaxasından yapışıb ona suallar verməyə gücüm çatmır. Mənim gücüm yalnız insanları səsləyib “Bəsdirin, bəsdirin, töküldü qan, axdı qan” deyə hayqırmağa çatır…

Oxuyacağınız kitab bəlkə də ömrü yarıda qırılmış uşaqlar haqqında dünyada yeganə topludur. Bu bəlkə də şəhid cocuqlar barədə ilk ensiklopediyadır. Amma, oxucu, həmin ensiklopediya sənə yalnız həyatın dəhşətli olayları barədə məlumat verəcək. Əgər bu kitabı oxuyub kövrəlməsən, həyəcanlanmasan, onda beşikdə mışıl-mışıl yatan körpənə, həyətdə tay-tuşları ilə oynayan uşağına sarı boylan. Sən onların şaxtalı havada, qar üstündə donmağına razı olarsanmı? Sən öz cocuqlarının itkin düşməsinə, gülləyə tuş gəlib al qana boyanmasına dözərsənmi?

Xocalı uşaqları da eləcə bələkdə mışıl-mışıl yatıb, ana laylası ilə əzizləniblər.
Xocalı uşaqları da çay kənarında, dağda, yamacda oynayıb arzularının arxasınca qaçışıblar.
İndi onlar yoxdur.
Amma xocalılar bu yoxluğa dözdü.
Bu uşaqlar heç vaxt olmayacaqlar.
Anaları onları heç vaxt evə çağırmayacaq.
Müəllimləri heç vaxt onları qaldırıb dərs soruşmayacaq.
Onların adı sinif jurnallarında yox, tarixin qanlı səhifələrində yazılacaq.
Çünki, onların çoxunun heç məzarı da yoxdur…
Mən o uşaqların çoxuna dərs demişəm. Onların üzü, gözü, danışığı, səsi hələ də gözlərimin önündədir. Onlar hər gecə mənim yuxuma girirlər. Mən həmin yuxularımı insanlara danışmaq üçün bu kitabı qələmə aldım. Kənd-kənd, şəhər –şəhər gəzib şəkillərini topladım, məşum 26 fevral gecəsini bir daha yaşadım. Bu onların narahat ruhları qarşısında bəlkə də son borcum idi.

Uzun illər bu borcu yerinə yetirməyə çalışdım, şükür allaha, xeyirxah insanların köməyi sayəsində kitab 2006-cı ildə çap edildi. Yeri gəlmişkən, kitabın ərsəyə gəlməsində Azərbaycanın çox istedadlı jurnalisti, ləyaqətli insan Məmməd Nazimoğlunun da əməyi var. Allah ona rəhmət eləsin və bu işdə xidməti olan hər kəsə təşəkkürlərimi bildirirəm.

Kaş hamı Vətən qarşısında öz vətəndaşlıq borcunu bu cür yerinə yetirməyə çalışardı. Onda nə Xocalı faciəsi baş verərdi, nə də bu cür qəmli və qanlı kitablar yazmağa lüzum olardı. Çünki, mən bir daha onlara “uşaqlar, dərsi kim bilir” sualını verməyəcəyəm.

İndi mən üzümü onlara tutub “Kim yaşamaq istəyir” sualını verməyə məcburam.
Bilirəm ki, hamısı əlini qaldırıb : “Müəllimə, mən!” deyə pıçıldayacaq.
Mən xocalı cocuqlarından bu pıçıltını eşitmək istəmirəm.
Mən bu cavaba dözmərəm, heç dözmərəm…
Mənim göz yaşlarım, mənim dərdim, kədərim, qayasaqlanmayan yaram, bitməyən nisgilim… mənim şəhid şagirdlərim. Mən sizin müəlliminiz olmalıydım, ölümünüzün şahidi yox!
Mən sizi sevirəm!
İnsanlar, onları siz də sevin!
Sevin və qüssələnin.
Çünki bu uşaqların əlləri böyüklərin yaxasından yapışıb tarix durduqca soruşacaq: “Bizim günahımız nəydi?” Cavab verin, böyüklər!

Və sonda bir məqama da toxunum - Xocalı soyqırımında şəhid olmuş uşaqların bəzilərinin ömrü kimi şəkilləri də qırıq oldu…Yandı, külə döndü. O səbəbdən də bəzi yazılar şəkilsizdir…

Diaspora