Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 6-cı konfransında iştirak etmək üçün Qətər Dövlətinin paytaxtı Doha şəhərində səfərdədir.
Bu barədə Qaziler.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda qeyd olunub.
Anar Əliyev konfransda iştirak etmək üçün Qətərə gəlmiş İndoneziyanın işçi qüvvəsi naziri prof. Yassierli ilə görüşüb. Azərbaycan ilə İndoneziya arasında münasibətlərin dostluq məcrasında inkişafından bəhs edilib. Əmək və məşğulluq sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğu vurğulanıb. Bu sahədə təcrübə və məlumat mübadilələrinin aparılmasının əhəmiyyəti qeyd edilib.
Həmçinin Qətər Dövlətinin əmək naziri dr. Ali bin Saeed bin Samikh Al Marri ilə görüş olub. Azərbaycan-Qətər münasibətlərinin iki ölkənin dövlət başçılarının səyləri nəticəsində yüksək səviyyədə olduğu və daim inkişaf etdiyi, ölkələrimiz arasında beynəlxalq təşkilatlar, o cümlədən İƏT çərçivəsində də səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Hər iki görüşdə Azərbaycanda son illər əmək və məşğulluq sahəsində aparılan islahatlara, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, işçi qüvvəsinin bacarıqlarının və rəqabət qabiliyyətinin artırılması sahələrində görülən işlərə dair məlumatlar verilib.
İƏT-in Bakı şəhərində yerləşən Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək və məşğulluq sahəsində əlaqələrin genişlənməsində rolu qeyd edilib, gələcək əməkdaşlıq, təcrübə mübadilələrinin aparılması məsələləri müzakirə olunub.
Doha şəhərində İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin 6-cı konfransına hazırlıqla bağlı yüksək səviyyəli rəsmilərin görüşü də olub. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev iştirak edib.





