III Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində açılış mərasimi baş tutub.
Apa xəbər verir ki, açılış mərasimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirməsi ilə başlayıb.
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə diqqət çəkən dövlət başçısı Xankəndi şəhərində keçirilən 3-cü Azərbaycan Milli Şəhərsalma Forumunun, eləcə də gələn il Bakıda təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının təhlükəsiz, rahat və dayanıqlı şəhər mühitinin yaradılması yolunda mühüm addım olduğunu qeyd edib.
Sonra çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax NUFA3-ün qlobal şəhərsalma gündəliyinin həyata keçirilməsi və dayanıqlı şəhərlərin qurulması istiqamətində mühüm çoxtərəfli əməkdaşlıq fürsəti olduğunu, təkcə Azərbaycan üçün deyil, bütün region və dünya üçün strateji əhəmiyyət daşıdığını bildirib. İcraçı direktor, həmçinin 2026-cı il mayın 17-dən 22-dək ölkəmizin ev sahibliyi edəcəyi WUF13-ə hazırlıq proseslərində Azərbaycan hökumətinin fəaliyyətindən və dəstəyindən razılığını ifadə edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev öz çıxışında 64 ölkədən 200-dən çox, cəmi 400-ə yaxın iştirakçının qatıldığı Milli Şəhərsalma Forumunun dayanıqlı şəhər inkişafı sahəsində təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını və Azərbaycanın urbanizasiya siyasətini beynəlxalq standartlara uyğunlaşdırmaq təşəbbüsü baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra tədbirdə BMT-nin Məskunlaşma Proqramı Assambleyasının Prezidenti, Malayziyanın Mənzil Tikintisi və Yerli özünüidarəetmə naziri Nqa Kor Minqin tədbir iştirakçılarına video müraciəti nümayiş olunub.
Açılışın sonunda Forum iştirakçıları bir araya gələrək xatirə fotosu çəkdiriblər.
***
10:40
Xankəndidə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşkilatçılığı ilə “III Azərbaycan Milli Şəhərsalma Forumu” keçirilir.
“APA-Economics” xəbər verir ki, Forum “İqlimədavamlı və sağlam şəhərlər naminə: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusuna həsr olunub və 2026-cı ildə Bakıda baş tutacaq 13-cü Dünya Şəhər Forumuna (WUF13) aparan yolun bir hissəsi kimi nəzərdə tutulur.
Ümumilikdə 15-17 oktyabr tarixlərində keçiriləcək Forum Xankəndi – Bakı formatında təşkil olunur. Məqsəd şəhərlərin iqlim dəyişikliklərinə davamlılığını artırmaq, sağlam və inklüziv urban inkişaf strategiyalarını təşviq etmək, həmçinin Qarabağ regionunun bərpası və dayanıqlı inkişafı üzrə beynəlxalq tərəfdaşlıqları gücləndirməkdir.
Qeyd edək ki, Forumda hökumət nümayəndələri ilə yanaşı, 60-dan çox ölkədən xarici rəsmilər iştirak edirlər.






