Milli Məclis Vəkillər Kollegiyasının fəaliyyətinin əsaslarının təkmilləşdirilməsi haqda "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna və digər üç məcəlləyə dəyişikliyi ilk oxunuşda qəbul edib.
"Report" xəbər verir ki, bununla bağlı sözügedən qanuna və Mülki Prosessual, Cinayət-Prosessual, Cəzaların İcrası məcəllələrinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, vəkillər işdə iştirak edən şəxs olduqda (mülki prosesda) kassasiya instansiyasında özlərini təmsil etməsi və cinayət prosesində Cinayət-Prosessual Məcəlləsinin 92.3.6-c1, 92.3.7-сi, 92.3.9 - 92.3.11-c maddələrində nəzərdə tutulan şübhəli və ya təqsirləndirilən şəxs qismində çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina etmək və özü-özünü təmsil etmək hüququna malik olacaqlar.
Qanun layihəsinə görə, vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarına dair müddəalar dəqiqləşdirilir. Vəkillər Kollegiyasının orqanlarının dairəsinə vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyasə əlavə edilməklə onların hüquq və vəzifələri müəyyən edilir. Eyni zamanda Vəkillər Kollegiyası tərəfindən regional qurumlar (mərkəzlər), hüquqi yardım mərkəzləri və tədris mərkəzləri təsis oluna bilər.
Sənəddə vurğulanıb ki, vəkilliyə qəbul ola biləcək şəxslərə aid tələblər və bəzi kateqoriya şəxslər üçün ümumi qaydadan fərqli prosedur müəyyən edilir. Habelə dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış şəxsin yenidən vəkil kimi fəaliyyət göstərməsinin hüquqi əsasları müəyyən edilir.
Qanun layihəsinə əsasən, iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyasə Rəyəsət Heyətinin sədri seçilə bilmək məhdudiyyəti götürülür, vəkillər barəsində tətbiq edilən intizam tənbehləri dəqiqləşdirilir, bundan başqa vəkilin fəaliyyətinə xitam verilməsi qaydası (bundan sonra yalnız Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə) təkmilləşdirilərək, həmin qərardan və həm də intizam tənbehlərindən məhkəməyə şikayət vermək hüququ müəyyən edilir.
Bununla bərabər, Vəkillər Kollegiyası üzvlərinin "ümumi yığıncağı" (konfransı), Vəkil sorğusu, Vəkilin xidməti vəsiqəsi və s. maddələr təkmilləşdirilərək yeni redaksiyada təklif edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.