Sosial təminat sistemi gücləndirilməklə bərabər, aktiv məşğulluq proqramları da genişləndirilir

Sosial təminat sistemi gücləndirilməklə bərabər, aktiv məşğulluq proqramları da genişləndirilir backend

Nazirliyin fəaliyyət sahələrində bu ilin 9 ayında görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə olunub.

Ölkəmizdə sosial təminat sisteminin gücləndirilməsi sahəsində bu il də mühüm addımlar atılıb və Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında icra olunan növbəti islahat paketi çərçivəsində cari ildə də pensiya, müavinət və təqaüdlərdə yeni artımlar edilib. Bununla yanaşı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, həssas əhali qruplarının əmək bazarına çıxış imkanlarının artırılması prioritet fəaliyyət istiqamətlərindən biridir.

Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Nazirlikdə keçirilən Kollegiya iclasında bildirib. Sosial ödənişlərdəki artımın bir göstəricisi olaraq, bu ilin 9 ayında pensiya təminatı üzrə ayrılan vəsaitin 467 mln. manat artaraq 5 mlrd. 326 mln. manat təşkil etdiyi qeyd olunub. Həmin dövrdə müavinətlər üzrə 861 mln. manat, Prezident təqaüdləri üzrə 551 mln. manat ödənildiyi və bu istiqamətdə də ayrılan vəsaitdə 7 faiz artım olduğu bildirilib.

9 ayda Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin proqnozla müqayisədə 6 faiz və ya 342 mln. manat çox olmaqla 5 mlrd. 889 mln. manat, xərclərinin ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 481 mln. manat çox olmaqla 5 mlrd. 628 mln. manat təşkil etdiyi diqqətə çatdırılıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən 137 min nəfərin işlə təmin edildiyi, 13,5 min nəfər peşə hazırlığına cəlb olunduğu, daha 15,7 min nəfərin özünüməşğulluq proqramına, 205 min nəfərin peşəyönümü xidmətlərə cəlb edildiyi qeyd edilib. İcrasına başlanan yeni məqsədli proqramların sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluq imkanlarının artırılması, onlar üçün iş yerlərinin yaradılması baxımından əhəmiyyəti vurğulanıb.

Əmək müqavilələrinin artıq 96 faizinin elektronlaşdırıldığı qeyd edilib. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin bu ilin 9 ayında işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 380,8 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən etdiyi, görülən tədbirlərlə həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənildiyi, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 56 işçinin yenidən əvvəlki işlərinə bərpa etdirildiyi bildirilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisələrində 2174 nəfərə stasionar, 397 nəfərə yarımstasionar xidmətlər, həmçinin uşaq evi və ailə tipli kiçik qrup evi sosial xidmət müəssisələrində 551 nəfər uşağa, 30 şəhər və rayonda yaradılan Günərzi Qayğı Mərkəzlərində 900 nəfər uşağa xidmətlər göstərildiyi bildirilib.

Cari ilin yanvar-sentyabr aylarında DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərildiyi, DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin də DOST xidmətləri ilə əhatə olunmaları üçün atılan addımların davamı olaraq bu ilin avqust ayında Qarabağ Regional DOST Mərkəzinin  Kəlbəcər rayonunda DOST məntəqəsinin də istifadəyə verildiyi qeyd edilib.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 9 ayda 40,4 min şəxsə əlillik təyin edildiyi, 103 min şəxsin reabilitasiya xidmətləri, həmçinin əlilliyi olan 11,2 min şəxsin 104 min reabilitasiya vasitəsi ilə təmin edildiyi diqqətə çatdırılıb.

Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən aparılan işlər, yaşıl iqtisadiyyat çərçivəsində yeni peşələrin müəyyən edilməsi və yaşıl keçidin bacarıqları, peşə təhsilinə təsiri ilə bağlı tədqiqatların aparıldığı qeyd olunub.

İclasda yeni hazırlanmış 130 peşə və kvalifikasiya standartı təsdiq edilib. Qeyd edilən  sahələrdə, habelə sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, vətəndaş qəbulu sahələrində görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə olunub.