Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948-1953)” kitabı işıq üzü görmüşdür.
Qaziler.az QHT.az-a istinadla xəbər verir ki, kitabın baş məsləhətçiləri Milli Məclisin Təbii ehtiyatlar komitəsinin sədri, dosent Sadiq Qurbanov, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, elmi redaktor, dövlət mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, redaktorlar Cəsarət Hüseynzadə, Telman İbrahimov, rəyçilər ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, Leyla Calalova, həmin mərkəzin baş mütəxəssisi Möhübbət Məmmədovdur.
Kitab Prezident kitabxanasının saytında yer alıb (https://www.ebooks.az/az/book/GlqonhT) bu barədə qht.az saytına hüquqşünas Səməd Vəkilov məlumat verib.
Qeyd edək ki, “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948-1953)” kitabında 1948-1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya tarixi və hüquqi kontekstdə dəyərləndirilmişdir. O, cümlədən deportasiyaya məruz qalmış əhali qrupunun Salyan ərazisində Qarabağlı, Yeni Uluxanlı, Qaraçala, Xalac, Yolustü və.s. kəndlərdə məskunlaşdırılması ilə bağlı yaşanan ağır şərait, sürgün aktına məruz qalmış icmanın şəxsi hekayələri və bioqrafik məlumatları da yer almışdır.