"ASAN xidmət" mərkəzlərində və səyyar xidmətlərdə nəzarət və qiymətləndirmə qaydalarında dəyişiklik edilib.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyası qərar qəbul edib.
Dəyişikliklə qiymətləndirmənin həyata keçirilməsində istifadə edilən üsulların sırasına Dövlət Agentliyinin nəzarət və qiymətləndirmə və "ASAN növbə" informasiya sistemləri tərəfindən avtomatik qaydada analitik təhlillərin aparılması da əlavə edilib.
Bundan başqa, qiymətləndirmənin təşkili və keçirilməsi qaydalarında da müəyyən dəyişikliklər edilib.
Qiymətləndirmə aşağıdakı 4 mərhələdə həyata keçirilir:
- məlumatların toplanılması;
- məlumatların sistemləşdirilməsi, faizlərin və yekun balların çıxarılması;
- qiymətləndirmə nəticələri ilə qiymətləndirilən tərəflərin tanış edilməsi;
- rəy, tövsiyə və ya hesabatların hazırlanması.
Həmçinin meyarlar üzrə balların və aylıq yekun balın hesablanması da qaydalara əlavə edilib.
Qərar oktyabrın 1-dən qüvvəyə minəcək.