Sumqayıtda 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib - FOTO

Sumqayıtda 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib - FOTO backend

27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq Sumqayıt şəhərində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Qaziler.az Apa-ya istinadən xəbər verir ki, Şəhidlər xiyabanında keçirilən anım mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə Sumqayıt Şəhidlər Xiyabanında ucaldılmış Qalib əsgər abidəsinin önünə gül dəstələri və əklillər qoyaraq Vətən uğrunda canından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsini ehtiramla anıblar. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Saat 12:00-da ölkənin bütün bölgələrində olduğu kimi Sumqayıtda da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildiriblər ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıq salnaməsi yazıb. Şəhidlərimizin göstərdiyi igidlik və fədakarlıq sayəsində torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Qazilərimizin şücaəti və şəhidlərimizin müqəddəs qanı Azərbaycan tarixində əbədi iz qoyub.

Tədbir iştirakçıları şəhid ailələri ilə görüşərək onların qəhrəman övladları ilə fəxr etdiklərini vurğulayıblar. Qeyd olunub ki, dövlətimiz hər zaman şəhid ailələrinin və qazilərin yanında olacaq, onların sosial müdafiəsi istiqamətində görülən işlər davam etdiriləcək.