Mülki müdafiə qoşunlarında 27 Sentyabr – Anım Günü qeyd edilib

Mülki müdafiə qoşunlarında 27 Sentyabr – Anım Günü qeyd edilib backend

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının (MMQ) komandanlığında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Mülki müdafiə qoşunlarının komandanlığında keçirilən tədbirdə MMQ-nin şəxsi heyəti, Vətən müharibəsi iştirakçıları – kapitan Ədalət Məmmədov, çavuş Nəsib Nəsibli, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə rəşadətli Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi tarixi Zəfərlə sona çatdı, işğal altında olan əzəli torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Torpaqlarımızın azad edilməsində əsgər və zabitlərimiz misilsiz şücaət göstərib, öz qəhrəmanlıqları ilə adlarını şanlı Azərbaycan tarixinə əbədi yazıblar.

Vətən müharibəsi iştirakçıları Ədalət Məmmədov və Nəsib Nəsibli keçdikləri şərəfli döyüş yolundan söz açıb, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsinin Qələbəmizin əldə olunmasında böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Sonda Anım günü ilə bağlı film nümayiş olunub.