Çevik Polis Alayında sıra baxışı keçiriləcək

Çevik Polis Alayında sıra baxışı keçiriləcək backend

Dekabrın 9-da saat 9.00-da daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə vakant sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Çevik Polis Alayında sıra baxışı keçiriləcək.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sıra baxışında yalnız Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə uyğun olaraq 20-25 yaşlarında, boyu 175 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

Baxışa gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Müsabiqəyə Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan post-patrul xidməti nizami hissələri üzrə 135 vəzifə təqdim edilir. Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.