“PeşəFest”in növbəti ünvanı Biləsuvar olub - FOTO

“PeşəFest”in növbəti ünvanı Biləsuvar olub - FOTO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən həyata keçirilən “PeşəFest-2025”in növbəti dayanacağı Biləsuvar şəhəri olub.

Bu barədə Qaziler.az-a nazirlikdən verilən məlumatda qeyd olunub. 

“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədi daşıyır.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, millət vəkili Bəhruz Məhərrəmov, DMA-nın sədr müavini Hasil Abbasov, eləcə də ətraf rayonlardan dövlət və özəl təşkilatların rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış çıxışında Biləsuvar RİH başçısı F.Qürbətov rayonun yeniyetmə və gənclərinin peşələrə marağının artırılmasında və əmək bazarının tələblərinə uyğun peşə seçimi etmələrində “PeşəFest”in rolunu yüksək qiymətləndirib.

Millət vəkili B.Məhərrəmov gənclərin uğurlu karyera qurmalarında, müasir peşələr barədə dolğun məlumat almalarında və onlarda əyani təsəvvürün formalaşmasında “PeşəFest”in xüsusi rolu olduğunu qeyd edib.

DMA-nın sədr müavini H.Abbasov çıxış edərək “PeşəFest”in ölkənin 11 iqtisadi rayonunu əhatə edən interaktiv karyera yönümlü layihə olduğunu, festivalın gənclərə və yeniyetmələrə müxtəlif peşələri tanıtmağa, onlara peşə seçimində dəstək olmağa xidmət etdiyini bildirib.

Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər.

Festivalın təşkil olunacağı digər ünvanlar və tarixlər isə belədir:

• Tovuz – 22 sentyabr / Tovuz RİH binasının qarşısı

• Göygöl – 24 sentyabr / Heydər Əliyev parkı

• Ağdam – 29 sentyabr / Quzanlı Heydər Əliyev Mərkəzi

• İmişli – 1 oktyabr / Heydər Əliyev parkı

• Ağsu – 3 oktyabr / Heydər Əliyev parkı

• Ağdaş – 8 oktyabr / Heydər Əliyev parkı

• Qəbələ – 11 oktyabr / Heydər Əliyev parkı

• Xaçmaz – 13 oktyabr / Zəfər parkı

• Bakı – 16 oktyabr / Dənizkənarı Milli Park

Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunur.

İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.