“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun daha 7 kəndinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb. Qazlaşdırma işləri başa çatan Niyazabad, Əbilyataq, Qarabağlı, İlxıçı, Qaraçı, Cığatay və Gülalan kəndlərində, ümumilikdə, 1164 abonent ilk dəfə təbii qazdan istifadə edəcək.
AZƏRTAC xəbər verir ki, noyabrın 27-də rayonun Niyazabad kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də, kənd sakinləri iştirak ediblər.Bildirilib ki, cari ildə Xaçmaz rayonunda 25 kəndin qazlaşdırılması nəzərdə tutulub. Bu yaşayış məntəqələrindən 20-də artıq işlər yekunlaşıb və abonentlər “mavi yanacaq”la təmin edilib. Beş kənddə isə qazlaşdırma işləri aparılır.
Diqqətə çatdırılıb ki, yeddi kəndin qazlaşdırılması üçün ümumilikdə 20 min 449 metr polietilen və 72 min 333 metr müxtəlif diametrli dəmir borularla qaz xətləri çəkilib. Bütün mənzillərə qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.
Mərasimdə çıxış edənlər bildiriblər ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq respublikanın şəhər və rayonlarının qazlaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Bütün bu işlər isə respublikada həyata keçirilən siyasətin təməlində Azərbaycan vətəndaşının dayandığının təsdiqidir.
Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.