Bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilib. Milli Net Təşkilat Komitəsindən Axar.az-a bildirilib ki, bu il təqdim edilən müraciətlər say etibarı ilə daha çox olub. Keçən il 322 sayt qeydiyyatdan keçdiyi halda, bu il say 374 olub.
Bu müddət ərzində saytlarını təqdim edə bilməyənlər və Milli Net TK tərəfindən müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddəti - noyabrın 30 tarixinədək yenidən müraciət edə bilərlər.Müsabiqəyə təqdim edilmiş saytların qiymətləndirmə prosesi Müsabiqə Komissiyası tərəfindən aparılır. Müsabiqə Komissiyası üzvləri 15 nəfərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılır.
Müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir.
Hazırda 1-ci mərhələ səsvermə prosesi başlayıb və noyabrın 30-da saat 00.00-da başa çatacaq. 1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq.
Bu nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək. 2-ci səsvermə prosesi dekabrın 2-də başlayacaq və dekabrın 11-də saat 00.00-da yekunlaşacaq.
Xatırladaq ki, Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.