İqtisadiyyat və Sənaye Nazirliyindən QAZİLER.AZ-a verilən məlumata görə, Azərbaycan Respublikasından Rusiya Federasiyasına aparılan kənd təsərrüfatı məhsullarının Dağıstan Respublikasının Dərbənd şəhərinin Dəmir yolu deposundan daşınması ilə bağlı yaranmış problemi aradan qaldırmaq məqsədi ilə İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Dağıstan Respublikasında işgüzar səfərdə olmuşlar. Səfər zamanı Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasının Baş naziri ilə görüşmüş, yükdaşımalarda yaranmış problemlər müzakirə edilmişdir.
Azərbaycan nümayəndə heyəti Dərbənd dəmir yolu deposunda saxlanılan yüklərə baxış keçirmişdir.Artıq Dərbənd dəmir yolu deposunda saxlanılan 180 vaqondan 120-sindən kənd təsərrüfatı məhsulları yükdaşıyan maşınlara yüklənərək Rusiya Federasiyasının müxtəlif bölgələrinə yola salınmışdır. Depoda qalan digər vaqonlardan yüklərin boşaldılması və daşınması intensiv olaraq davam etdirilir.