Növbəti köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb - FOTO

Növbəti köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb - FOTO backend

Xocalı rayonunun Xanyurdu kəndinə 19 ailə – ümumilikdə 62 nəfərin köçürülməsi başa çatıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, köç prosesi çərçivəsində ailələrə tam təmir olunmuş mənzillərin açarları təqdim edilib. Tədbirdə çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, işğaldan sonra təmir və bərpa aparılan kənddə sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Elektrik, qaz, içməli su, rabitə xətləri çəkilib, yol infrastrukturu yenilənib. Yaxın vaxtlarda məktəb binası, uşaq bağçası, tibb məntəqəsi və digər sosial obyektlər istifadəyə veriləcək. Köçürülmə zamanı sakinlər doğma yurdlarına qayıtdıqları üçün dövlət rəhbərliyinə minnətdarlıq ifadə ediblər. “İllərdir həsrətini çəkdiyimiz torpaqlara qovuşmaq bizim üçün böyük xoşbəxtlikdir. Burada bizim üçün hər bir şərait yaradılıb,” – deyə keçmiş məcburi köçkünlər bildiriblər. Qeyd edək ki, Xanyurdu kəndinə köçürülmə “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilir. Xanyurdu kəndinə bundan əvvəl 33 ailə (122 nəfər) köçürülüb.

***

13.29

Avqustun 11-də Xocalı rayonunun Xanyurdu kəndinə növbəti köç yola salınıb.

Qaziler.az-ın xəbərinə görə, bu mərhələdə 62 nəfərdən ibarət 19 ailə Xanyurdu kəndinə yola düşüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.