"Milli-Mənəvi Dəyərlərimizin İzində" layihəsi çərçivəsində Şamaxıya ekskursiya təşkil olunub - FOTO

"Milli-Mənəvi Dəyərlərimizin İzində" layihəsi çərçivəsində Şamaxıya ekskursiya təşkil olunub - FOTO backend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Milli-Mənəvi Dəyərlərimizin İzində” layihəsi çərçivəsində 2 avqust 2025-ci il tarixində Şamaxı rayonuna ekskursiya təşkil olunub.

“Ahıllara və Tənhalara Dəstək" ictimai birliyinin sədri Ruhiyyə Məmmədovanın Qaziler.az-a verdiyi məlumata görə, səfərdə 55-65 yaş arası yaşlı nəslin nümayəndələri iştirak ediblər. Ekskursiyanın əsas məqsədi yaşlı vətəndaşların asudə vaxtının səmərəli təşkili, onların milli-mənəvi irsimizlə tanışlığının artırılması, eləcə də tarixi yaddaşın yaşadılması və nəsillər arasında dəyərlərin ötürülməsi olmuşdur.

Layihə rəhbəri Bəsti Nəsibova tədbirin əhəmiyyətindən bəhs edərək bildirib ki, belə təşəbbüslər yaşlı nəslin sosial aktivliyini artırır, onların bilik və təcrübələrinin cəmiyyətə faydalı şəkildə yönləndirilməsinə zəmin yaradır.

Ekskursiya çərçivəsində iştirakçılar Diri Baba türbəsini, Şamaxı Cümə məscidini, tarixi və memarlıq baxımından dəyərli digər məkanları ziyarət ediblər. Daha sonra səfər Pirqulu qəsəbəsində yerləşən N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında davam etdirilib. Burada iştirakçılar Rəsədxananın maraqlı eksponatları ilə tanış olub, astronomiya elminin inkişaf tarixi və müasir tədqiqat istiqamətləri barədə məlumatlandırılıblar. Ekskursiya iştirakçılarına mütəxəssis bələdçi tərəfindən rəsədxana haqqında ətraflı məlumat verilib.

Səfərin sonunda Şamaxı Safari Parkda təbiət qoynunda istirahət üçün şərait yaradılıb. İştirakçılar həm fiziki, həm də mənəvi rahatlıq tapdıqlarını bildirərək tədbirdən məmnun qaldıqlarını və bu cür maarifləndirici, mədəni ekskursiyaların davamlı olmasını arzuladıqlarını qeyd ediblər.