Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Xətai rayonunda ucaldılan Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib.
Faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin yanında fəxri qarovul dəstəsi düzülüb.Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoyublar.
Sonra Prezident İlham Əliyevə abidənin ucaldığı parkda aparılmış yenidənqurma işləri haqqında məlumat verilib.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.
Anım mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzüblər.
Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70 nəfəri qocadır. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.