KİV: Paşinyan Zəngəzur dəhlizinə nəzarət üçün ABŞ-la anlaşma memorandumu imzalayıb

KİV: Paşinyan Zəngəzur dəhlizinə nəzarət üçün ABŞ-la anlaşma memorandumu imzalayıb backend

İspaniyanın “Periodista Digital” nəşri Zəngəzur dəhlizi ilə bağlı gizli memorandumu əldə etdiyini və bu sənədin Ermənistanla ABŞ tərəfindən təsdiq edildiyinə dair iddia ilə çıxış edib.

Apa xəbər verir ki, nəşr Zəngəzur dəhlizini “Tramp körpüsü nəqliyyat dəhlizi” adlandırır.

99 İllik Dəhliz Razılaşması

Yazıda deyilir ki, sənədin məzmunu ilə erməni diasporu tanış olub.

Məlumata görə, burada ikitərəfli regional iqtisadi dəhliz və müdafiə keçidi layihəsindən danışılır: “Bu 42 kilometrlik nəqliyyat dəhlizi Ermənistanın Syünik regionundan keçir. Dəhliz Azərbaycanı Naxçıvanla əlaqələndirir, hansı ki, Ermənistan və İran sərhədində strateji bir mövqeyə malikdir. Bu dəhlizin yaradılması 2020-ci il müharibəsindən sonra Azərbaycanın əsas tələblərindən biri idi. Ermənistan bu dəhlizin yaradılmasının qarşısını almaq üçün səylər göstərib, çünki bu, Ermənistan ərazisinin böyük hissəsinin itirilməsinə gətirib çıxara bilərdi. Sənədə görə, Ermənistan Syünik regionu üzərində suverenliyini saxlayır, lakin buna baxmayaraq, aydın olur ki, nəqliyyat dəhlizi özəl ABŞ şirkəti tərəfindən idarə olunacaq və bu şirkət lazımi lisenziyanı alıb. Dəhlizin istifadəsindən gələn gəlirin bölüşdürülməsi də bu razılaşmada öz əksini tapıb. Amerika şirkəti gəlirdən 40 faiz, Ermənistan isə 30 faiz pay alacaq. Beləliklə, Ermənistan öz ərazisindən minimum 99 il müddətinə məhrum edilmiş olacaq”, - yazıda qeyd olunub.

Təhlükəsizliyi ABŞ şirkəti təmin edəcək

Yazıda o da qeyd olunub ki, bu memorandumda ABŞ hərbi qüvvələrinin Ermənistan ərazisinə ezam olunması məsələsi da əks olunub: “Əldə olunan məlumata görə, bunlar adi Amerika ordusu yox, ABŞ-ın özəl hərbi şirkətinin üzvləri olacaq. Bu qüvvələrin sayının təxminən 1000 nəfər olacağı güman edilir və onlar dəhliz boyunca təhlükəsizliyi təmin etmək üçün məsuliyyət daşıyacaqlar”.

Bildirilir ki, memoranduma əsasən, özəl şirkət dəhlizi qorumaq üçün gücdən istifadə edə bilər.

Fransa və Aİ Narahatdır

Nəşrə görə, sərhəd əvvəlcə ağır silahları olmayan hərbçilər tərəfindən qorunacaq.

“Ermənistan-ABŞ memorandumu Ermənistan üçün faciədir. ABŞ işğalı bu kiçik ölkənin problemlərini həll etməyəcək. Sadəcə buradan ABŞ və Türkiyə fayda görəcək. Avropa İttifaqı da Ermənistanı itirəcək. Artıq Ermənistan Fransa və Aİ-nin tərəfdaşı ola bilməyəcək, çünki ölkə Amerika proksiləri tərəfindən işğal ediləcək. Fransa üçün ABŞ qoşunlarının Ermənistanda möhkəmlənməsi pis haldır. Fransanın Ermənistanda strateji mövqeyi tarixi əsaslar üzərində qurulub. Avropada ən böyük erməni diasporu da Fransada yerləşir. Fransa regionda sülh prosesində də öz rolunu möhkəmlədib, uzun illər ATƏT-in Minsk qrupuna həmsədrlik edib. “Tramp körpüsü” layihəsinin həyata keçməsi Fransanın bu roluna zərbə olacaq. Əslində, ABŞ elə bir situasiya yaradır ki, Ermənistan özünün səsvermə hüququnu, Fransa isə regionda öz maraqlarını müdafiə etmək qabiliyyətini itirir”, - yazı bu fikirlərlə yekunlaşır.

Regional Təhlükəsizlik

Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Onun sözlərinə görə, ABŞ tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub. “Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, - diplomat bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyinə dair məlumatlar yayılıb. Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan qeyd edib ki, bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Paşinyan isə ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsini istisna etməyib.